“Bu gün telekanallarda bu cür verilişlərdənsə…” Hadisə

“Bu gün telekanallarda bu cür verilişlərdənsə…”

Millət vəkili telekanallarda şou verilişlərinin sayının azaldılmasını təklif edib

"Azərbaycan telekanallarında bu gün şou-biznes əl-ayaq tutub yeriyir. Çal-çağırdan, şou-biznesdən savayı elə bil ki, mövzular yoxdur?!"
Bunu Milli Məclisin (MM) deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı dilə gətirib.
Onun qeyd etdiyinə görə, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır:
"Hansı kanalı açırsan ancaq çal-çağır, şou biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır. Vallah, ayıbdır, bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə sms göndərir...
Ona görə belə düşünürəm ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var. Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda "Sahibkarlıq saartı" adl verilş yayımlanmalıdır, həmçinin, "Kənd saatı" verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır.
Eyni zamanda, telekanllarda hərbi vətənpərvərlik verilşiləri olmalıdır. Baxın, Rusiya, Türkiyə kanallarında görün nə qədər hərbi vətənpərvərlik verilişləri var...
Bizdə də bu təcrübədən istifadə olunmalıdır. Çünki biz müharibə vəziyyətində olan ölkəyik, xalqıq, biz müharibəni hələ başa çatdırmamışıq. Ona görə belə verilişlərə daha çox, ciddi ehtiyac var", -deyə, R.Quliyev daha sonra sözlərinə əlavə edib.