Metrodakı ticarət obyektləri hara köçürülür? Hadisə

Metrodakı ticarət obyektləri hara köçürülür?

Metroda fəaliyyətlərinə qadağa qoyulan satıcılar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Amay" Ticarət Mərkəzində, "Günəşli" Ticarət Mərkəzində, "Keşlə" bazarında və "Şərq" bazarında yerləşdiriləcəklər.
Bakı meriyasının Ticarət və İstehlak Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Publika.Az-a açıqlamasında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə bu ticarət mərkəzlərinin hər birində 300 nəfər ticarət işçi yerlə təmin olunacaq: "Bunun üçün hər cür imkan və şərait var. Təxminən 1300 nəfər sahibkar var ki, biz onları digər ticarət mərkəzlərində yerləşdirməyə borcluyuq və onların heç biri işsiz qalmayacaq. İlk 3 ay onlardan icarə haqqı alınmaycaq. Bütün xərclər ticarət obyektlərinin sahibkarları tərəfindən ödəniləcək. 3 aydan sonra həmin ticarət mərkəzinin qaydalarına uyğun olaraq yeni gedən sahibkarlar da digərləri ilə bərabər şərtlərdə icarə haqlarını ödəyəcəklər."
Bağırov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən adları çəkilən ticarət mərkəzlərinin rəhbərləri metro ticarətçilərini yerləşdirməyə hazırdırlar: "Metroda çalışan ticarətçilər yerləşdirilərkən Metropolitenlə icarə müqaviləsinin olub-olmamasına fərq qoyulmayacaq."