“Xalçaçı günü”nə həsr olunmuş silsilə tədbirlər keçiriləcək Mədəniyyət

“Xalçaçı günü”nə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Mayın 4-5-də Azərbaycan Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı qeyd olunacaq. Bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – dəyirmi masa, sərgi və ustad dərsləri keçiriləcək.
Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətin qayğısı nəticəsində 2010-cu ilin 10 noyabr tarixində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Toxuculuğun inkişafı haqqında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanıb. Bunlara misal olaraq, "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunu, "Xalçaçı günü" peşə bayramının təsis olunması ilə bağlı sərəncamı göstərmək olar.
Mayın 4-5-dəki tədbirlərdə ölkənin 100-dən çox qabaqcıl və fərdi fəaliyyət göstərən toxucusu, xalçaçı rəssam və ekspert, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislərin iştirakı gözlənilir.
Dəyirmi masada xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.
Həmin tarixlərdə vətənimizin bütün güşələrindən gələn iştirakçıların əl işləri – böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarkası keçiriləcək. Bu sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdan ibarətdir. Bu zəhmətli işə qiymət verib dəstəkləyərək, biz çox gözəl ənənənin bir hissəsinə çevrilir , onun davamına və inkişafına təkan vermiş oluruq.
Şəhərimizin sakinlərini və qonaqlarını bu satış yarmarkasında iştirak etməyə dəvət edirik.
Tədbirlər ərzində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunacaq.