“Mədəniyyət“ kanalı və Yazıçılar Birliyi müsabiqə elan edib Mədəniyyət

“Mədəniyyət“ kanalı və Yazıçılar Birliyi müsabiqə elan edib

"Mədəniyyət" kanalı və Azərbaycan Yazıçılar Birliyi ədəbi müsabiqə elan edib.
"Mədəniyyət" kanalının direktoru Ramil Qasımovun verdiyi məlumata görə, müsabiqəni keçirməkdə məqsəd ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir:
"Müsabiqəyə dörd mövzu üzrə - vətənpərvərlik, Azərbaycan bayrağı, doğma Bakı, milli həmrəylik mövzusunda poeziya nümunələri qəbul olunur. Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir. Müsabiqənin keçirilməsində məqsəd eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıların mətnlərini təmin etməkdir. Sonda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək, şeir nümunələrinə mahnılar bəstələnəcək və "Mədəniyyət" kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə Mədəniyyət kanalının bir töhfəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir".