“Türkologiya” jurnalı impakt faktor statusu qazanıb Mədəniyyət

“Türkologiya” jurnalı impakt faktor statusu qazanıb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı cari ilin oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Kulis.azın məlumatına görə jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb.
Bununla bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, "Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan "Türkologiya" jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı bu ilin oktyabr ayında SAJİ indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb və jurnal ilkin olaraq SAJİ-nin 1,765 indeksinə layiq görülüb. SAJI (Scholar Article Journal Index) Hollandiyada (Amsterdamda) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. SAJİ elmi jurnallara indekləşdirmə xidməti göstərir və jurnalların impakt faktorunu, onun yüksək səviyyəsini və üstünlüklərini təyin edir. Burada müxtəlif sahələrlə bağlı minlərlə jurnallar var. SAJİ-nin əsas xidməti müəlliflər üçün elmi məqalənin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda onlara köməklik göstərməyindən ibarətdir."
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilmişdir.
"Türkologiya" jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr, dekabr aylarında) nəşr olunur.