Vyetnamda Azərbaycan mərkəzi yaradılıb Mədəniyyət

Vyetnamda Azərbaycan mərkəzi yaradılıb

Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Hanoy şəhərində Vyetnam Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində təsis edilmiş Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycanın Vyetnamdakı səfirlikdən APA - ya verilən məlumata görə, tədbirdə Vyetnam hökumətinin və parlamentinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş vyetnamlı məzunlar və ölkənin tanınmış jurnalistləri iştirak ediblər. Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru xanım Nqo Thi Kim Tu mərkəzin iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib. Səfir Anar İmanov isə Azərbaycan prezidenti İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama tarixi səfərinin ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. O, Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirib, Mərkəzin Vyetnam xalqının Azərbaycan, onun tarixi və mədəniyyəti barədə məlumatlandırılmasında önəmli rol oynayacağına, iki ölkə arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə, habelə Azərbaycan və Vyetnam xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Tədbir Vyetnamın dövlət telekanalı "VTV-1"in xəbərlər bölümündə və digər mətbuat orqanlarında işıqlandırılıb.