SOCAR və BP Türkiyədə birgə müəssisənin yaradılmasına başlayıb İqtisadiyyat

SOCAR və BP Türkiyədə birgə müəssisənin yaradılmasına başlayıb

SOCAR və BP şirkətləri Türkiyə ərazisində birgə investisiya qoyuluşu istiqamətində mühüm addım atıblar.
"APA-Economics"in məlumatına görə, iki şirkət Türkiyənin müvafiq orqanlarına müraciət edərək ortaq şirkətin yaradılması prosesinə başlayıblar.
Məlumata əsasən, BP və SOCAR iki şirkətin nəzarətində fəaliyyət göstərən birgə müəssisə yaratmaq məqsədi ilə rəqabət üzrə müvafiq quruma müraciət ediblər və investisiyanın rəsmiləşdirilməsi üçün lazımi icazələrin alınması təşəbbüsü irəli sürüblər.
Qeyd edək ki, SOCAR və BP şirkətləri İzmirin Əliağa bölgəsində neft-kimya kompleksinin tikintisi ("Merkuri" layihəsi) planlaşdırırlar.
Xatırladaq ki, "Merkuri" layihəsi” SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı payını 35-40%-dək artıracaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının 20%-i "Petkim" neft-kimya kompleksi tərəfindən ödənilir, qalan hissəsi isə idxalın hesabına təmin edilir. Yeni kompleks Türkiyə iqtisadiyyatına hər il 4,5 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.
Kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.
Onu da qeyd etmək lazımdır ki, "Merkuri" layihəsi üzrə son investisiya qərarı gələn ilin son rübündə qəbul ediləcək.