Litva Azərbaycan məhsullarının Skandinaviya ölkələrinə nəqli üçün sürətli marşrut təklif edə bilər - Nazir müavini - Müsahibə Müsahibə

Litva Azərbaycan məhsullarının Skandinaviya ölkələrinə nəqli üçün sürətli marşrut təklif edə bilər - Nazir müavini - Müsahibə

Trend BİA-nın Litva xarici işlər nazirinin müavini Egidius Meylunasla özəl müsahibəsi

Perspektiv nəqliyyat əlaqələri

Litva Azərbaycan məhsullarının Avropaya və Skandinaviya ölkələrinə nəqli üçün təhlükəsiz, sürətli və ucuz marşrut təklif edə bilər.

Nazir müavini bildirib ki, Litva “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri çərçivəsində vacib tranzit ölkədir:

“Azərbaycanla Litva arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əsas vasitələrdən biri Baltik və Qara dəniz, eləcə də Aralıq və Xəzər dənizlərinin konteyner xətləri şəbəkəsini birləşdirən “VIKING Train” beynəlxalq layihəsidir. Ona görə də ölkəmiz Azərbaycan məhsullarının, o cümlədən neft və neft məhsullarının Avropaya və Skandinaviya ölkələrinə nəqli üçün təhlükəsiz, sürətli və ucuz marşrut təklif edə bilər”.

O əlavə edib ki, Litva yaxşı işləyən multimodal nəqliyyat və logistika sisteminə, yaxşı inkişaf etmiş dəmiryol şəbəkəsinə, müasir Klaypeda dövlət dəniz limanına və keyfiyyətli yollara malikdir.

Ticarətin inkişaf yolları barədə

Litvalı nazir müavini bildirib ki, Azərbaycan Litvanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir:

“Litva ilə Azərbaycan arasında ticarət münasibətləri hazırda intensiv olmasa da, bunu qısa və ortamüddətli perspektivdə gücləndirmək olar. İki ölkə arasında bir sıra sektorlarda (mexaniki maşınqayırma, elektrik avadanlıqları) ticarətin genişləndirilməsi üçün imkanlar mövcuddur. Qida məhsullarının daşınması və logistikası, mebel istehsalı, səhiyyə ikitərəfli əməkdaşlığın inkişafı üçün ən potensial sektorlardır”.

O əlavə edib ki, Litva ilə Azərbaycan arasında ticarət münasibətlərinin inkişafına önəmli töhfə verəcək ticarət palataları yaradıla bilər:

“Ticarət münasibətlərinin inkişafı qarşılıqlı maraq tələb edir. Bizim iqtisadi və ticari əməkdaşlığımızın inkişafı üçün ən yaxşı üsul biznes nümayəndə heyətləri ilə mübadilədir. Bundan başqa, Azərbaycan və Litva şirkətləri potensial işgüzar tərəfdaşların axtarışları üçün müxtəlif platformalardan yararlana bilər”.

Litvanın Azərbaycan investisiyalarına marağı

Litva yeni layihələrə, xüsusilə də yüksək əlavə dəyərli xidmət və innovativ xidmət (səhiyyə, yüksək texnologiyalar) sahələrində layihələrə Azərbaycandan daha çox investisiya cəlb etməkdə maraqlıdır:

“Biz əlverişli investisiya mühiti, yüksək ixtisaslı əməkdaşlar, qüsursuz logistika və infrastruktur, rəqabətqabiliyyətli istismar xərcləri və həyat səviyyəsi təqdim edə bilərik. İstehsal, məlumatların işlənməsi və ya veb-server xidmətləri sahəsində işləyən şirkətlər "yaşıl dəhliz"dən faydalana bilər. Biz Azərbaycan biznesinə təkcə Litvada əlverişli şərtlərdən deyil, həm də "yaşıl dəhliz"in üstünlüklərindən yararlanmağı təklif edirik”.

Enerji sahəsində əməkdaşlıq imkanları

E.Meylunas bildirib ki, Litva şirkətləri Azərbaycanda günəş enerjisi layihələrində iştirak etməkdə maraqlıdır:

“Biz bərpa olunan enerji mənbələrini Azərbaycanla enerji sahəsində mümkün ikitərəfli əməkdaşlıq münasibətlərinin sferaları sırasında görürük. Biz yaşıl enerji istehsalı, ekoloji təmiz enerji texnologiyaları istehsalı sahələrində, eləcə də azkarbonlu gələcəyin təmin olunması üzrə beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə hazırıq. Bizim güclü günəş enerjisi sənayemiz var. Yüksək keyfiyyətli və innovativ fotoelektrik panellər istehsal edən Litva şirkətləri Avropada və bütün dünyada işləyir və Azərbaycanda günəş enerjisi layihələrinin inkişafı üzrə münasibətlərin qurulmasında maraqlıdır”.

Nazir müavininin sözlərinə görə, Litva “Şərq tərəfdaşlığı”nın nəticəyə yönümlü siyasətinin qəti tərəfdarı olaraq qalmaqdadır:

“Litva müəssisələri və enerji şirkətləri öz tərəfdaşları ilə çoxsaylı təşəbbüsləri inkişaf etdirir və öz təcrübəsini bölüşür. 2021-ci ildə Litva Gürcüstanla birgə Avropa Komissiyasının dəstəyi ilə “Şərq tərəfdaşlığı”nın bərpa olunan enerji mənbələri üzrə yeni yaradılmış şəbəkəsinə rəhbərlik edəcək”.

Əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər

E.Meylunas əlavə edib ki, Litva və Azərbaycanın gələcək iqtisadi əməkdaşlığı üçün daha yaxşı imkanları var:

“Litvada qida sənayesi yaxşı inkişaf edib. Biz Azərbaycanda geniş çeşiddə qida məhsulları təqdim edə bilərik. Litvada sənaye sahələri də inkişaf edib. Litva bütün dünyada özünün optik və lazer sənayesi ilə məşhurdur. Hesab edirəm ki, Azərbaycan şirkətləri də bu sahələrdə, eləcə də kompüter sənayesi, avtomobilqayırma, metal emalı sahələrində keyfiyyətli məhsullar təqdim edə bilər”.