“Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsinə hazırdır” Siyasət

“Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsinə hazırdır”

Aydin Mirzəzadə: "Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir"

Asim Mollazadə: "Azərbaycanın böyük nəqliyyat dəhlizi sistemi ABŞ üçün mühüm amildir"


Son zamanlar Azərbaycan-ABŞ münasibətlərində inkişaf hiss olunur. Tramp prezident seçiləndən sonra bir sıra beynəlxalq ekspertlər ABŞ-ın siyasətində dəyişiklik olacağını proqnozlaşdırmışdılar. Xüsusən Rusiya ilə münasibətlərdə qarşıdurmanın aradan qalxacağı və münasibətlərin normallaşacağı ilə bağlı da fikirlər var idi. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və təbii ki, bu ölkə ilə münasibətlərin normal olması Azərbaycanın da marağına uyğundur.
Ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar Amerikanın Azərbaycanla münaibətləri irəliyə aparmaq istəyindən, iki ölkə arasında münasibətlərin inkişaf edəcəyindən xəbər verir.
Deputat Aydın Mirzəzadə diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar diplomatik hörmətdən daha böyük əhəmiyyət kəsb edir. A.Mirzəzadə bildirib ki, məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının yeni perspektivi önə çəkilir: "Terrorizmə qarşı birgə mübarizə, birgə layihələrin həyata keçirilməsi, ABŞ-Azərbaycan əməkdaşlığını bütün sahələr üzrə genişləndirmək təklifi əlbəttə ki, ABŞ-ın Azərbaycanı güclü və arzu olunan bir müttəfiq kimi görmək istəyindən xəbər verir. Həmçinin ABŞ Prezidentinin Azərbaycanda aparılan islahatlara razılığını bildirməsi Azərbaycan təcrübəsinin, Azərbaycan dövlət quruculuğunun ABŞ kimi nüfuzlu, demokratik bir ölkə tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərir". Deputat vurğulayıb ki, ABŞ tərəfinin Azərbaycanda həyata keçirilən islahatlara, Azərbaycanın daxili və xarici siyasətində atdığı addımlara verdiyi qiymət əlbəttə ki, xoşagələn hadisədir: "Həmçinin ABŞ-ın Azərbaycana terrorizmlə birgə mübarizə aparmaq təklifi çox vacib bir məsələdir. Çünki həm Azərbaycan, həm də ABŞ terrordan əziyyət çəkmiş ölkələrdir. Vaxtilə Ermənistanın Azərbaycan ərazisində bir-birinin ardınca terror hadisələri törətməsi, Bakı Metropolitenində Ermənistan xüsusi xidmət orqanlarının terror aktı törətməsi buna bariz nümunədir. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, orada terrorçu dəstələrin hazırlanması, həmin ərazidən qanunsuz narkotik dövriyyəsinin həyata keçirilməsi çox ciddi, narahatedici məsələdir". A.Mirzəzadə əlavə edib ki, Donald Trampın İlham Əliyevə məktubları Birləşmiş Ştatların xarici siyasətində yeni aspektləri önə çəkdiyini, Azərbaycan kimi öz dövlətçiliyini möhkəmləndirmiş bir ölkə ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir: "Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsinə hazırdır və hesab edirəm ki, bu əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir".
Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə "ümidvarıq ki, ABŞ-ın yeni administrasiyası Amerikanın öz milli maraqlarından irəli gələrək Azərbaycanın önəmini daha yaxşı anlayacaq", - deyə vurğulayıb: "Çünki, Azərbaycanın ABŞ üçün bir neçə istiqamətdə çox böyük əhəmiyyəti var". Azərbaycanın ABŞ-ın milli təhlükəsizliyi və terrorla mübarizədə ən etibarlı müttəfiqlərindən biri olduğunu deyən işçi qrupunun üzvü söyləyib ki, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər də ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir: "Ölkəmiz uzun illərdir ki, ABŞ-la enerji sahəsində çox mühüm tərəfdaşdır. Bununla yanaşı, Azərbaycanın böyük nəqliyyat dəhlizi sistemi ABŞ üçün mühüm amildir. Bu baxımdan da ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir". A. Mollazadə qeyd edib ki, Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycan -ABŞ arasında əlaqələrin demək olar ki, yeni dönəmi başlayır və bunun üzərində işləmək lazımdır.
Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, ABŞ həm terrorizmlə mübarizədə, həm iqtisadi layihələrdə, həm tolerantlıq və multikultural dəyərlərin qorunmasında, həm də regionda təhlükəsizlik məsələsini həll etməyə çalışan bir dövlət kimi Azərbaycanın rolunu müsbət və yüksək qiymətləndirir: "Bu ölkə ikitərəfli münasibələtlərin daha da inkişafı istiqamətində müvafiq addımların atılması üçün müəyyən qərarlar verməyə hazırdır". O, ABŞ prezidenti Donald Trampın Azərbaycanla münasibətləri yüksək dəyərləndirdiyini vurğulayıb: "Tramp ölkəmizin dünyanın enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında rol oynayan bir dövlət olduğunu bildirir. Böyük regional iqtisadi layihələrdə Azərbaycanın birbaşa iştirakının dəstəklənməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Bundan başqa, Amerika prezidentinin dövlət başçımıza Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar hər iki məktubunda əsas məqamlardan biri Azərbaycanın regionda aparıcı dövlət olduğunu vurğulamasıdır. Bu isə regionda bir sıra dövlətlərə mesaj kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bütün bunlar göstərir ki, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də müsbət rolu ola bilər. Təbii ki, Trampın bu fikirlərinə ABŞ-ın Azərbaycanla münasibətlərinin bundan sonra daha yaxşı inkişaf edəcəyinə dair bir mesaj kimi baxmaq olar".
Politoloq Tofiq Abbasov söyləyib ki, ABŞ prezidenti Donald Tramp normal, səmərəli inkişaf yolunda olan Azərbaycan-Amerika münasibətlərini siyasiləşdirmək niyyətindən uzaqdır. O qeyd edib ki, Tramp gözəl anlayır ki, ən səlist siyasət xeyir vəd edən və gətirən əlaqələrdir, bu baxımdan Azərbaycanın həm ABŞ, həm də Qərbi Avropa istiqamətlərində verdiyi töhfələrdən qarşı tərəflər yalnız qazanc əldə edirlər. Politoloq qeyd edib ki, bu sağlam məfkurəyə uyğun gələn məntiqdir. T.Abbasov vurğulayıb ki, rəsmi Bakı öz siyasəti ilə qlobal nizama yalnız stabilləşdirici, sabitlərşdirici təsirlər göstərirsə, deməli, sözügedən zəmində nəyi isə təftiş etmək lazımsızdır. ABŞ-Azərbaycan ikitərəfli münasibətlərini yalnız yeni sağlam ideyalarla zənginləşdirməyin mümkün olduğunu deyən T.Abbasov bildirib ki, həmin ideyalar əlaqələrin şaxələnməsini gücləndirəcəksə, deməli, bu məsələyə diqqəti artırmaq lazımdır: "Trampım Yaxın Şərqə səfəri, Amerika-Ərəb-Müsəlman sammitindəki səsləndirdiyi fikirlər göstərdi ki, indi Vaşinqton normal axarla davam edən prosesləri korrektə etmək niyyətində deyil. O, yalnız narahatlıq doğuran məsələlərlə bağlı əsaslı dayişikliklərin edilməsini vacib sayır".

Əli