“Müzakirələr öz faydasını verəcək” Siyasət

“Müzakirələr öz faydasını verəcək”

Tofiq Zülfüqarov: "Azərbaycan-Rusiya arasında gərginlik yaradan üçüncü qüvvələr var"

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünün nəticələri, regionda təhlükəsizlik məsələlərindən danışıb.
Tofiq Zülfüqarovun qənaətinə görə bu, qeyri-adi bir görüş olub: "Yəni, onun hazırlığı barədə və digər detalları geniş müzakirə olunmayıb. Amma görünür ki, təcili və çox vacib məsələlər müzakirə olunub. Rəsmi məlumatlara görə, Dağlıq Qarabağ və regionda olan təhlükəsizlik məsələləri müzakirə olunub. Bu baxımdan hesab edirəm ki, əgər bu iki mövzunu bir-biri ilə əlaqələndirsək görəcəyik ki, məhz regionda olan vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və iki ölkə arasındakı gərginlik əsas müzakirə olunan məsələlərdən biridir. Hər halda qeyri-rəsmi məlumatlar da yayılıb. Orada göstərilib ki, artıq Rusiya tərəfi etiraf edib ki, Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələr var. Bu üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Bu, müzakirə olunan çox vacib bir məsələ idi. Bu məlumatı qəbul edək. Hər halda mən o adamlardan biriyəm ki, bu məlumatı həqiqətəuyğun məlumat kimi qəbul edirəm. Çünki doğrudan da bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri xarici işlər naziri Sergey Lavrovdur. Bilirsiniz ki, ictimaiyyət tərəfindən onun mövqeyi ciddi şəkildə tənqid olunur və mən də onun tənqidçilərindən biri idim. Hesab edirəm ki, etnik mənsubiyyət qeyri-balanslaşmış bir mövqeyə gətirib çıxarıb. Təbii ki, bu da öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində böyük bir maneə olub".
Tofiq Zülfüqarov hesab edir ki, prezident İlham Əliyevin Vladimir Putinlə görüşünün ABŞ və Rusiya prezidentlərinin, eyni zamanda Azərbaycan prezidentinin ABŞ dövlət katibi ilə görüşlərindən sonraya təsadüf etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda müsbət addımlar atılmasına yol aça bilər: "Çünki həm Amerika nümayəndəsi, həm də Rusiyanın prezidenti ilə müzakirə olunan məsələlər onu göstərir ki, əsas mövzulardan biri regionda olan vəziyyət, təhlükəsizliyin təmin edilməsi yollarıdır. Və biz hamımız başa düşürük ki, Ermənistan-Azərbaycan münaqişəsi stabilliyə və əməkdaşlığa ən böyük maneələrdən biridir. Bu baxımdan hesab edirəm ki, müzakirələr öz faydasını verəcək. Azərbaycan və Rusiya prezidentlərinin təcili təşkil olunan görüşü onu göstərdi ki, təkcə Azərbaycanda yox, bölgədə olan siyasətçilər yox, həm də dünyanın liderləri bu məsələni ciddi şəkildə qəbul edir, başa düşürlər".