Ermənilərin təxribatı dünya mətbuatında Siyasət

Ermənilərin təxribatı dünya mətbuatında

İşğalçıların "ağ bayraq" qaldırdıqları yazılıb

Cavid

İyun ayının 31-dən Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər rəsmi İrəvanın niyyətlərini bir daha açıq şəkildə ortaya qoydu. İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.
Bütün bunlar isə bir daha nümayiş etdirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmaq niyyətində deyil. Belə olmasaydı, Fransa prezidenti Fransua Ollandın prezidentlərin görüşü ilə bağlı təklifi, həmçinin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində görüş ehtimalı ermənilər tərəfindən nəzərə alınar və təmas xəttindəki vəziyyət gərginləşdirilməzdi.
Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Ermənistan ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır.
Ermənistan tərəfinin təxribatçı addımları nəinki sülh təşəbbüslərini heçə endirir, həm də sərhəddə yaşayan dinc əhalinin təhlükəsizliyini şübhə altına alıb.
Ermənistanın yuxarıda bəhs etdiyimiz çirkin niyyəti və Azərbaycan ordusunun bu niyyətin qarşısına alması xarici mətbuatda da öz əksini tapıb. Xatırladaq ki, ermənilərin növbəti həmlələrinin qarşısını fədakarlıqla alan Azərbaycan tərəfi itkilər də verib. Amma düşmən bizdən qat-aqt itgi verərək geri çəkilib.
Türkiyə mətbuatı təcavüzkar Ermənistan ordusu tərəfindən atəşkəsin bütün cəbhə boyu pozulmasının səbəbləri ilə bağlı analitik məqalələrə geniş yer ayırıb.
Türkiyə mətbuatı Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi məsələsini əsas mövzu kimi diqqət mərkəzində saxlayır.
Mətbuat təcavüzkar Ermənistan ordusu tərəfindən atəşkəsin bütün cəbhə boyu pozulmasının səbəbləri ilə bağlı analitik məqalələrə də geniş yer ayırıb. Türkiyənin nüfuzlu xəbər portallarından olan www.yenicaggazetesi.com.tr saytında yerləşdirilmiş "arxalı köpək qurd basar" məqaləsi də bu qəbildəndir.
Xanım jurnalist Selcan Taşçı Dağlıq Qarabağ münaqişəsinin tarixinə və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə aydınlıq gətirərək yazır ki, təcavüzkar Ermənistan bütün parametrlərlə Azərbaycandan geridədir. Belə olan halda, Azərbaycan torpaqlarının işğalı barədə düşünərkən qardaş ölkənin qədim bir el məsəlini xatırlayırıq: arxalı köpək qurd basar.
ABŞ-da çıxan "Washington Post" qəzetində də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında məqalə dərc edilib.
Məqalədə həlak olmuş hərbi qulluqçuların sayı bildirilir və vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər 1994-cü ildə altıillik separatizm müharibəsinin sonundan erməni hərbçilərinin nəzarəti altındadır.
Materialda, həmçinin qeyd edilir ki, Rusiya tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.
Ukraynanın ən çox izlənilən və oxunan informasiya agentliklərindən biri "Glavnoe.ua" da Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə xüsusi xəbər hazırlayıb.
Ukraynalı jurnalistlər ermənilərin atəşkəs rejimini pozmasını ciddi tənqid ediblər. Azərbaycan ərazilərinin 20 faizinin zəbt olunduğunu vurğulayan media mənsubları Ermənistanı Cənubi Qafqazda Rusiyanın ən yaxın müttəfiqi olaraq təqdim ediblər. Xəbərdə ən diqqət çəkən məqam ermənilərin separatçı, Azərbaycanın isə Avropanın enerji təhlükəsizliyində rol oynayan ölkə kimi göstərilməsidir. Agentlik həmçinin atəşkəs rejiminin ermənilər tərəfindən pozulmasına baxmayaraq, üstünlüyün Azərbaycan Milli Ordusunun tərəfində olduğunu vurğulayıb. Onlar sübut kimi Ermənistanın aidiyyəti qurumlarının ağ bayraq qaldırmalarını göstəriblər.
Ukraynanın ən baxılan telekanallarından biri olan TSN isə son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən gərginliklə əlaqədar süjet efirə verib.
Ukraynalı jurnalistlər süjetdə atəşkəs rejiminin pozulması səbəbləri, rəsmi strukturlara istinad etməklə, hər iki tərəfdən ölən və yaralananların sayı və son durum barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, ən obyektiv məqam qismində süjetdə Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, 1 milyon qaçqın və məcburi köçkünümüzün olmasının vurğulanmasıdır.
Cəbhə xəttində baş verən məlum olyalarla bağlı bəzi beynəlxalq qurumlar da öz narahatlıqlarını bildiriblər.
Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar.
Vasitəçilər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar.
ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun üzvləri qoşunların təmas xəttində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından narahatlıq ifadə ediblər.
Avropa Birliyi də Ermənistan və Azərbaycanı atəşkəsə riayət etməyə çağırıb.
AB-nin nümayəndəsi Katerin Eşton son günlər cəbhədə yaşanan qarşıdurmalardan narahat olduqlarını, tərəfləri atəşkəsi pozmamağa səsləyib.
Eştonun yaydığı bəyatanda bildirilir: "Tərəflər atəşkəsə dərhal hörmət etməli, gücdən istifadə və təhdiddən yayınmalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunda səylərini davam etdirməyə çağırırıq".
Eşton həmçinin AB-nin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun Dağlıq Qarabağ məsələsində yeni siyasi həll yollarının tapılmasında səylərini dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
Gürcüstan də son günlərdə Azərbaycan və Ermənistan arasında yaranmış münaqişənin təcili son qoyulmasına ümid edir.
Bunu Gürcüstanın xarici işlər naziri Mayya Pandcikidze jurnalistlərə açıqlamaslnda bildirib.
Onun sözlərinə görə, sivil dünyaya daha bir donu açılmış münaqişə lazımlı deyil.
"Biz böyük narahatçılıqla Azərbaycan və Ermənistan arasında baş verənləri izləyirik. Mən tamamilə əminəm ki, nə bizim regionumuza, nə bütün dünyaya, gərginliyin daha bir mərkəzi, daha bir donu açılmış münaqişə lazım deyil, və buna görə mən əminəm ki, iki ölkənin liderləri ümumi dil tapacaqlar və münaqişəni sülh yoluna nizama sala biləcəklər, - Gürcüstanın XİN rəhbəri vurğulayıb.
Hər iki tərəfdən hərbçilərin həlak olması Pandcikidzenin xüsusi narahatçılığına səbəb olub və o ümid edir ki, ilk növbədə bu ölümlərə son qoyulacaq.
"Mən bildiyim qədər, artıq Azərbaycan və Ermənistan prezidentləri arasında görüş nəzərdə tutulub, və bu mənə ona ümid verir ki, münaqişə bitəcək", - Pancikidze bildirib.
Beynəlxalq əlaqələr sahəsindəki İsrail eksperti Arye Qut Azərbaycanın son günlər ərzində qoşunların təmas xəttində 10-dan çox azərbaycanlı hərbçinin həlak olması ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin təxribatlarına mütləq güclü, sərt və proporsional zərbələr endirməli olduğunu vurğulayıb.
O deyib: "Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi destruktiv mövqeyi Azərbaycanı digər sərt vasitələrə və pressinqə əl atmağa vadar edir. Azərbaycan diplomatiyasının danışıqlar prosesində hələ də iştirak etməsi hələ də qalmaqda olan son ümid qalıqlarının qalmasına şahidlik edir. Lakin ümidlərin tükənməsi hər zaman sonluğa malik olur. Təmas xəttində baş verən son hadisələr bir daha təqdiq edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarda yerləşən işğalçı Ermənistan qüvvələrinə endirəcəyi zərbə sərt və güclü olacaq. Düşünürəm ki, Ermənistan ciddi, hətta çox ciddi itkilər verib, lakin həmişə olduğu kimi ermənilər müvafiq məlumatı gizlədirlər".
Ermənistanın törətdiyi təxribatların Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsiri məsələsinə toxunan Arye Qut müvafiq prosesin gözlər önündə tükəndiyini söyləyib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərə çarpacaq irəliləyişləri bu yaxınlarda gözləmək əbəsdir: "Azərbaycan və Ermənistanın sülh anlaşmasının əsasını təşkil edəcək həll prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çətindir".