“Çox sayda müsavatçı hərəkata qoşulmaq niyyətindədir” Siyasət

“Çox sayda müsavatçı hərəkata qoşulmaq niyyətindədir”

Səxavət Əlisoy: "Onların arasında tanınmış simalar da var"

"Professor Adil Qeybulla ilə yaratdığımız mərkəz bundan sonra ADR hərəkatının tərkibində fəaliyyət göstərəcək". Bu fikri Müsavat Partiyasının keçmiş üzvü Səxavət Əlisoy deyib. O, yeni yaranan ADR hərəkatının digərlərindən nə ilə fərqlənəcəyini də açıqlayıb: "ADR hərəkatı digər təşkilatlardan fərqli olaraq, mübarizənin intellektual müstəvidə aparılmasına üstünlük verir. Biz həm də gücümüzə adekvat gedişlərin tərəfdarıyıq. Hərəkat öz enerjisini populizmə, şüarçılığa sərf etməyəcək. Ciddi sosial-iqtisadi proqramlar hazırlayıb, müzakirəyə çıxarmaqda qərarlıyıq. Yanvar ayında təsis konfransını keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, aprel ayına qədər təşkilatlanmanı da bitirməyi düşünürük. Artıq təşkilat komitəsində ciddi iş bölgüsü aparılıb. Hərəkata qoşulmaq istəyən qüvvələrlə danışıqlar gedir". S.Əlisoy bildirib ki, çoxsaylı müsavatçılar da yeni yaradılmış hərəkata qoşulmaq niyyətindədirlər: "Çox sayda müsavatçı hərəkata qoşulmaq niyyətindədir. Onların arasında tanınmış və nüfuzlu simalar da var. Artıq bir neçə rayon təşkilatı hərəkata qoşulmaq istəyini bildirib. Təsis konfransında ADR hərəkatı hansı gücə qadir olduğunu nümayiş etdirəcək. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ADR hərəkatı saxtakarlığı, populizmin, şüarçılığın qəti əleyhinədir və əxlaqlı siyasətə söykənir".

Əli