Salar Turidən yeni xəbər! Güney Azərbaycan

Salar Turidən yeni xəbər!

Bir neçə gün öncə tutuqlanan azərbaycanlı milli-mədəni fəal Salar Turi Təbrizin mərkəzi zindanının üçlük (se qane) bölümünə (bənd) intiqal edilib. Bu bölüm kobud cinayətlərə görə həbs edilən məhbuslara aid olduğuna və təhlükəli xəstəliklərin yayıldığına görə ən çətin şəraitdə olan bölümlərdən sayılır. Lakin mayın 6-da üçlük bölümünə köçürülən fəal, məsulların qanunsuz hərəkətlərinə görə bu bölümün ağır şəraitinə dözməlidir.
Qeyd edək ki, Təbriz şəhərinin milli-mədəni fəallarından olan Salar Turi Üskü şəhərində öz iş yerində tutuqlanıb. Mayın 4-də (ordibeheştin 14-də) saxlanılan fəalın məhkumluq müddətini çəkmək üçün saxlanıldığı bildirilir. O bundan öncə qondarma ittihamlarla 4 ay həbs cəzasına məhkum edilmişdir.
Adını çəkdiyimiz fəal 2013-cü il fevralın 24-də (1391-ci il isfəndin 6-da) "Traxtur" futbol takımının Asiya oyunu ərəfəsində tutuqlanıb. Təbrizdə "Yanar" kafesində onlarla soydaşımızla birlikdə yaxalanan fəal 2014-cü il fevralın 9-da (1392-ci il bəhmənin 20-də) Məhəmməd Əmiri, Adil Xəndani, Məhəmməd Xətibi və Əli Sirnak ilə birlikdə Təbrizin inqilab məhkəməsinin 2-ci şöbəsində mühakimə olunub.