İŞİD yeni texnologiyadan necə istifadə edir? Dünya

İŞİD yeni texnologiyadan necə istifadə edir?

Dron olaraq da tanınan, uzaqdan idarə olunan Pilotsuz Uçuş Aparatları (PUA), İraq Şam İslam Dövləti (İŞİD) və digər qrupların döyüş formasını dəyişdirib. Fərqli ölkələrin orduları da bu sahədə yarışırlar. Kiçik bir dron havaya qalxır. Operator ekranda, quşbaxışı görüntünü idarə edir və aparatı şəhərin üzərində dolandırmağa başlayır.
Bu mənzərə ilə dünyanın hər yerində qarşılaşmaq mümkündür. Xırda bir kamerası olan PUA-ların satış rəqəmi 2010-cu ildə bir neçə min olduğu halda, hazırda milyonlarla ölçülür. Lakin mülki müştərilər üçün hazırlanan bənzəri kiçik PUA-lar İraq kimi ölkələrdə müharibədə istifadə olunan bir silah yerini alıb. İŞİD də 2014-cü ildən bəri PUA-lardan istifadə edir. Əvvəl təbliğat videoları üçün havadan çəkiliş etmək, daha sonra casusluq və kəşfiyyat məqsədilə. İŞİD, Suriyadakı bir hərbi baza üzərinə hücumlar etməmişdən öncə, PUA ilə kəşfiyyat xarakterli uçuşlar edib video çəkmişdi.
Zirehli maşınlara yüklənmiş bombaları da PUA-lardan əldə olunan görüntülər əsasında hədəflərinə tərəf sürürlər. ABŞ hərbi məlumatlarına əsasən, İŞİD Mosulda hava toplarının hara düşdüyünü PUA ilə lentə alıb, daha yaxşı vura bilmək üçün hədəfini bu cür müəyyənləşdirib. Kiçik ticarət PUA-larına yerləşdirilən kameralarla yarım saatlıq uçuşdan quşbaxışı görüntülər əldə etmək mümkündür.
PUA-lardan faydalanan təkcə İŞİD deyil İraq və Suriyada Hizbullah da daxil olmaqla, bir çox qruplaşma bu vasitələrdən yararlanır. İraq ordusu belə Mosul hücumunda PUA-lardan istifadə edərək, bomba ilə dolu maşınları aşkarlayır və yeni taktikalar qura bilir. Amma bu vasitələr artıq casusluqdan başqa məqsədlər üçün də istifadə edilir. İŞİD bunlara partlayıcı mərmilər yerləşdirərək öldürücü silaha çevirir. Onlarla savaşan ordular isə öz müdafiəsini bu hadisələrə uyğunlaşdırmağa çalışırlar.
Mülki müştərilər üçün satılan və İŞİD-in istifadə etdiyi PUA-lar 1000 dollar qiymətindədir. Bunların uçuş müddəti yarım saatadəkdir və üç kilometrdən artıq məsafəni yüksək keyfiyyətlə lentə ala bilirlər. Ordularda istifadə olunan hərbi PUA-ların dəyəri isə 100 min dollarla ölçülür. Bu PUA-lara silah yerləşdirmək üçün texniki bilgi lazımdır. Avqustda Hizbullahın yaydığı bir videoda bu aparatlardan kiçik bombalar atıldığı görünüb.
ABŞ ordusunun yaydığı bir məlumat kitabçası, PUA-ları nəzarətdə saxlamaq üçün ən az bir əsgərin daimi müşahidədə dayanmasını və çox sayda PUA-nin müdafiəni zəiflətməsini bildirir. Texnoloji cəhətdən daimi inkişafda olan PUA-ları vurub salmaq da çətindir. Bu səbəbdən yeni silahları təkmilləşdirmək lazım gəlir. Battelle Drone Defender adı ilə bilinən cihaz PUA-ya pult ilə gedən təlimatı, radio dalğaları vasitəsilə kənarlaşdırır və onu təhlükəsiz formada yerə endirir. Araşdırılan digər üsullarına təlim keçmiş qartal, tor və rezin topların bu məqsədlə istifadəsi də daxildir.
PUA istehsalçıları məmulatlarının qanunsuz istifadəsinin qarşısını almaq üçün, onun hava limanı kimi təhlükəli bölgələrdə uçmasını dayandıracaq proqramlar təsis edir. Lakin keçən ilin fevral ayında İŞİD-in Ramadidən çıxarılmasından sonra bölgədə PUA düzəldən bir atelye aşkar olunmuşdu. Buradakı elektronika parçaları Koreya, Yaponiya və Türkiyə şirkətlərindən əldə edilibmiş. Burada tapılan və Sovet istehsalı yerdən havaya atıla bilən Sterla mərmisi parçalarının PUA-lara birləşdirilməsinin planlaşdırıldığı ehtimal olunur. Hizbullahın isə PUA-lar ilə vertolyotlara hücum etməyi düşündüyü bildirilir.
PUA-ların bu qədər yayılması orduları da təəccübləndirib. İraqda bombaları partlatmaq üçün mobil telefonların istifadəsinin qarşısını almaq məqsədilə, yeni taktika və texnologiyalar inkişaf etdirildiyi kimi, eyni ehtiyac dron sahəsində də özünü büruzə verir. Bundan başqa, PUA-ların ticarət sektorunda qısa müddətdə və ucuz şəkildə, eyni zamana inkişaf etmiş formada istehsalı kimi bir sual ilə qarşı-qarşıya qalan ordular bu cihazların hərbi versiyasını çox daha uzun müddətdə və daha baha olaraq istehsal edir.
ABŞ bu sualı aradan qaldırmaq üçün hərbi PUA istehsalını, ticarət cihazlar üçün istifadə olunan parçaların və proqramların əsasında qurur. Bu müdafiə sənayesində mühüm bir addım ola bilər. Bu gün dünyada baş tutan atışmalarda istifadə olunan PUA-lara çata bilmək üçün də belə bir addıma ehtiyac var.