Moskvanın Ukraynada təxribat ssenarisi Dünya

Moskvanın Ukraynada təxribat ssenarisi

Bu plan nəticə etibarilə Putinin özü üçün başağrısına çevrilə bilər

Cavid

Ukraynanın şərq vilayətlərindəki kütləvi itaətsizlikdən sonra rəsmi Kiyev indi ölkənin parçalandığını etiraf edə bilməsə də, bu bölgələrə nəzarətini itirir. Müvəqqəti hökumətin ümidi Qərbə olsa da, Kiyev hələlik Avropa Birliyindən və ABŞ-dan Moskvanın ünvanına səslənən sanksiyalardan və xəbərdarlıq bəyanatlarından başqa bir dəstək almayıb. Artıq ölkənin şərqində dramatik vəziyyət yaranıb.
Ukraynanın Slavyansk şəhərində xüsusi əməliyyat zamanı Ukrayna ordusunun 4 hərbçisi və 30-dan çox separatçı öldürülüb. Bu barədə açıqlama verən Ukrayanın daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, hərbçilər və separatçılar arasında onlarla yaralı var. Avakov xüsusi əməliyyat zamanı öldürülən və saxlanılan separatçılar arasında Krım sakinlərinin, eləcə də rus və çeçenlərin də olduğunu bildirib.
Ötən gecə Ukrayna ordusu bölgədə əməliyyatlara başlayıb. Məlumata görə, şəhər ətrafı ərazidə iki güclü partlayış səsləri eşidilib.
Rusiya meylli qüvvələr iddia edirlər ki, hücumda "Sağ sektor" dəstələri iştirak ediblər. Həmçinin qeyd edilir ki, Slavyanskda nəqliyyatın hərəkəti dayanıb, insanlar küçəyə çıxmırlar, bəziləri hətta işdə gecələyirlər.
Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölən və yaralananlar var. Ukraynanın Donbas vilayətinin Mariupol şəhərinin mərkəzi prospeklərində də qanlı atışmalar başlayıb.
Avtobus və trolleybusların hərəkətləri dayandırılıb.
Separatçılar tərəfindən ələ keçirilən şəhər administrasiyanın önündə təkərlər yandırılır, güllə səsləri eşidilib. Mariupol hava limanı yaxınlığındakı hərbi bazada isə şiddətli döyüşlər gedib. Üzü bağlı şəxslər qarşılarına çıxana atəş açıblar. O da söylənilir ki, təxminən 50-yə yaxın rusiyameyilli separatçı Donetskdə yerləşən daxili qoşunların hissəsinə hücum etməyə hazırlaşıb.
"İnterfaks-Ukrayna"nın verdiyi xəbərə görə, hərbi hissənin rəhbərliyi hərbi qulluqçulara hücuma hazır olmağı əmr edib. Əsgərlər döyüşə hazırlıq vəziyyətində hissənin qapısı arxasında mövqe tutub.
Yerli insanların verdiyi xəbərlərə görə, terrorçular gülləkeçirməz jiletlər geyinərək bir-birinə Kalaşnikov avtomatlar paylayıb. Qeyd edək ki, Ukraynanın Slavyansk şəhərində dünən keçirilən antiterror əməliyyatı nəticəsində 8 nəfər ölüb, 16 nəfər güllə yarası ilə xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.
Ukraynanın Kramatorsk şəhərində də vəziyyət gərginləşib.
Bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində yer alıb. Belə ki, şəhərin mərkəzində separatçılar kanalizasiya sisteminə məlum olmayan maddələr qoymağa başlayıb. Hərbçilər kanalizasiya sisteminin minalandığını ehtimalını irəli sürüblər. Buna səbəb mayın 5-də Kramatorskda 25 ton partlayıcı maddənin oğurlanmasıdır. Artıq Ukraynanın hüquq-mühafizə orqanları Kramatorskdan başqa iki şəhərin minalanmış küçələrinin sxemini tərtib edib və ərazilərdə axtarış aparmağa başlayıb. Eyni zamanda Mariupolun mərkəzi küçələrində silah səsləri eşidilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, küçədə bir qrup şəxs yoldan keçən avtomobillərə silahdan atəş açıb. Nəticədə bir neçə şəhərdaxili nəqliyyat avtobusları yararsız hala düşüb.
Gərgin vəziyyətin paytaxt Kiyevə də təsir edə biləcəyi təhlükəsi ilə əlaqədar hərbi qüvvələr şəhərə gedən yolların üzərində postlar qurublar.
Həmçinin Ukraynanın sabiq baş naziri və prezidentliyə namizəd Yuliya Timoşenkonun həyatı üçün təhlükə olduğu barədə məlumat yayılıb. Təhlükəsizlik Xidməti bu barədə Yuliya Timoşenkoya xəbərdarlıq edib. Nikolayev vilayətində seçicilərilə görüş planlaşdıran Yuliya Timoşenko Təhlükəsizlik Xidmətinin xəbərdarlığına baxmayaraq öz planlarını dəyişmək niyyətində olmadığını deyib.
Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov Ukraynada səfərbərlik haqqında fərman imzalayıb.
Əvvəl ölkənin cənub-şərqində vəziyyətin kəskinləşməsi ilə əlaqədar silahlı qüvvələrə çağırışın yenilənməsini elan edilmişdi.
Bu haqda dövlət başçsının rəsmi saytında məlumat veriilib. Sərəncama uyğun olaraq səfərbərliyə görə fərmanın icrası 45 gün ərzində həyata keçirilməlidır. Sənəddə hərbi vəzifəlilərin, həmçinin ehtiyatda olan hərbçilərin çağırışının Ukraynanın bütün inzibati ərazi vahidlərinin ərazisində həyata keçiriləcəyi vurğulanır.
Xatırladaq ki, bir həftə əvvəl ölkənin cənub-şərqində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Ukrayna silahlı qüvvələri çağırışın yeniləcəyini elan etmişdi. Çağırışa 18 yaşdan 25 yaşa qədər olanlar şamil edilir.
Bundan başqa Ukraynanün müvəqqəti prezidenti Aleksandr Turçinov Odessa vilayətinin qubernatorunu vəzifəsindən azad edib. Turçinovun bu addımı atmasına mayın 2-də Odessa vilayətində baş verənlərin əsas verdiyi ehtimal edilir.
Avropa Şurasına üzv olan ölkələrin xarici işlər nazirlərinin Vyanada keçən iclasında Rusiya təmsilçisi Sergey Lavrov isə Ukraynada gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq danışıqların növbəti mərhələsində iştirak etməyə hazır olduqlarını bəyan edib.
Lavrov bunun üçün danışıqlara Ukraynanın cənub və şərqində qərarlaşan Rusiya yönümlü qruplaşmaların daxil edilməsini şərt qoyub. O, eyni zamanda Ukraynada keçiriləcək prezident seçkilərinə də münasibət bildirib: "Ordunun müəyyən mənada əhaliyə qarşı istifadə olunduğu bir vəziyyətdə seçki keçirmək qeyri-adi bir haldır. Hər halda Ukrayna Əfqanıstan deyil".
Prezident seçkilərinə 3 həftədən az vaxt qaldığı bir müddətdə Ukrayna höküməti və onun Qərbdən olan müttəfiqləri səsverməyə olan istənilən təhdidi aradan qaldırmağa çalışır və seçkilərin Kiyev hökümətinin legitimliyini artıracağına ümid edir.
Habelə Rusiyalı ali diplomat bu legitimliyi şübhə altına alaraq, istənilən konstitusiya islahatlarının prezident seçkilərindən qabaq keçirilməsini vacib sayır. Moskva bundan əvvəl də yeni konstitusiya layihəsinın yaz aylarına kimi ictimailəşdirilməsini, seçkilərin isə ilin sonuna kimi keçirilməli olduğunu bildirib.
Lavrov azad və ədalətli seçkilərə dəstək verdiyini bildirsə də hələlik Ukraynadakı vəziyyətin bu tələblərə cavab vermədiyini deyib.
Vaşinqton isə Rusiyayönlü separatçı qrupların həftəsonu Ukraynanın şərqində öz müqəddəratını təyin etmək məqsədilə referendum keçirmək planlarını pisləyib.
Ötən gün ABŞ dövlət katibi Con Kerri AB-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Letrin Eştonla görüşüb. Kerri Ukraynanın bölünməsi cəhdlərini qəti şəkildə qəbul etmədiklərini deyib: "Bu, vəziyyəti sabitləşdirmək yönündə daha çox problem yaradacaq".
Kerri Krım ssenarisinin təkrarlandığına işarə edərək, heç bir sivil dövlətin saxta cəhdin nəticələrini tanımayacağını bildirib.
"Rusiya geri çəkilməyə məcburdur, əks halda Putin hər şeyini itirəcək. Heç bir halda Ukrayna vətəndaşlarına geri çəkilmək olmaz, axı onlar hər şeyi itirə bilərlər".
Bu fikirləri isə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Facebook" səhifəsində ifadə edib.
"Ukraynalılar, artıq geri çəkilmək üçün sizə yer yoxdur. Əgər siz məhz indi qərarsızlıq göstərsəniz, bu kütləvi şəkildə qan tökülməsinə gətirib çıxaracaq. Sizin geri çəkilməyiniz əvvəlcə Ukraynanın sənaye bölgəsi və dənizə çıxışının, yəni iqtisadi perspektivin, daha sonra dövlət quruluşunun itirilməsi ilə nəticələnə bilər", - Saakaşvili yazıb.
Sabiq prezidenti bildirib ki, Putin hər keçən gün Ukraynaya tammiqyaslı müdaxilə şansını itirir: "Baxmayaraq ki, Rusiya müdaxiləsi faktiki olaraq baş verib. Hərbi vertolyotları vuran xüsusi təyinatlı dəstə Rusiyanın müdaxiləsidir, minaatanlardan atəş Rusiya müdaxiləsidir. Heç bir dinc vətəndaş minaatandan istifadə edə bilmir, mülki əhali tanklar və zirehli maşınları idarə edə bilmir. Yəni, Rusiyanın müdaxiləsi artıq de-fakto var. Amma raketlər, təyyarələr və tanklardan istifadə etməklə genişmiqyaslı müdaxilə üçün Putinin şansı yoxdur".
Ukrayna xalqını hakimiyyəti dəstəkləməyə çağıran M.Saakaşvili Rusiya prezidentinin reytinqini temperaturun qalxıb-düşməsi ilə müqayisə edib. O, Ukrayna hadisələri ilə bağlı Putinin ölkədə reytinqinin yüksəlməsini müvəqqəti olduğunu qeyd edib: "Putinin reytinqinin yüksəlməsindən təəccüblənmək lazım deyil. Beyinlərin yuyulması qısamüddətli xarakter daşıyır. İndi Rusiya əhalisinin 80 faizi onu dəstəkləyir. 2008-ci ildə isə 85 faiz dəstəkləyirdi. İki il sonra onun reytinqi 35 faizə qədər düşdü. Müharibə zamanı hamı təcavüzkarın hərəkətlərini dəstəkləyir. Bu adi haldır. Amma reytinq temperatur kimi qalxır, daha sonra düşür".
Gürcüstanın sabiq prezidenti Ukraynanı Rusiya ilə istənilən razılaşmaların imzalanması zamanı ehtiyatlı olmağa çağırıb.
"Danışıqlar zamanı çox ehtiyatlı olmaq lazımdır. Rusiya hər dəfə imzalamadan sonra beynəlxalq alətlərdən istifadə edir. Rusiya heç nəyi elə-belə imzalamır, hər dəfə bunun arxasında nəsə dayanır", - o, qeyd edib.
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə konfederasiyasının prezidenti Didye Burkxalter isə Ukrayna böhranının nizama salınması ilə bağlı "Yol xəritəsi"ni təklif edib.
"RBK-Ukrayna"nın verdiyi məlumata görə, bu barədə prezidentin hökumətin saytında dərc edilmiş çıxışında deyilir.
Didye Burkxalter qeyd edib ki, "Yol xəritəsi"nə 25 mayda prezident seçkiləri və demərkəzləşdirmə ilə bağlı ümummilli referendumun keçirilməsi, geniş milli dialoqun başlanması, regionlarda "dəyirmi masalar"ın təşkili, tərəflərin Cenevrə bəyanatına sadiqliyin nümayiş etdirilməsi daxildir. Prezidentinin sözlərinə görə, hazırda Cenevrə bəyanatını (Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi) imzalamış bütün tərəflərlə "Yol xəritəsi" üzrə konsultasiyalar keçirilir. O, ATƏT-in "Yol xəritəsi"nin reallaşdırılmasında aparıcı rolu üzərinə götürməyə hazır olduğunu deyib.
Didye Burkxalter həmçinin bildirib ki, ATƏT iyun ayının sonuna qədər Ukraynadakı müşahidəçilərin sayını 154-dən 300-ə qədər artıracaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel bazar günü telefon danışığında ilk növbədə ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn, beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Didye Burkxalter isə Ukraynada vəziyyəti müzakirə etmək üçün Moskvaya gedəcək.
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland Ukraynanın şərqində vətəndaş müharibəsi xarakteri alan vəziyyəti dəyərləndirərkən deyib ki, Moskva Krımda tətbiq etdikləri metodlarla Ukraynanın şərqini zəbt etməyi planlaşdırır.
O, ölkənin şərqində, həmçinin Odessada baş verən hadisələrin Krım ssenarisi üzrə həyata keçirildiyini deyib: "Əvvəlcə şəhərlərdə etiraz aksiyaları təşkil olunacaq. Sonra yerli əhali qorxudulacaq və 2 həftə ərzində saxta referendum keçiriləcək. Hansı ki, Donetsk və Luqanskda 11 may tarixinə təyin edilib".
Dövlət katibinin müavini bildirib ki, sülhməramlılar adı altında Rusiyanın hərbi müdaxiləsi beynəlxalq qanunvericiliyin pozulmasıdır və Moskva bununla heç kəsi aldada bilməyəcək.