Yaxın Şərqdə savaş başlayır Dünya

Yaxın Şərqdə savaş başlayır

Yaxın Şərqdə yeni bir dönəm başlayır və qarşıdurmalar qaçılmaz olacaq.
Bu sözləri Qətər böhranının kəskinləşməsi ilə bağlı danışan politoloq Fikrət Sadıqov deyib. Politoloq Qətər böhranı fonunda əslində Yaxın Şərqdə çox ciddi siyasi proseslərin getdiyini deyib:
"Yaxın Şərq Ərəb baharından başlayaraq indiyə qədər alov içində idi və indi bu alov daha da böyüməkdədir. Yaxın Şərqdə yeni bir dönəm başlayır, yeni qarşıdurmalar qaçılmaz olacaq. Burada Səudiyyə Ərəbistanı və onun müttəfiqi olan ərəb ölkələrinin İrana münasibəti mühüm rol oynayır. Bu ölkələr 2014-cü ildən Qətərlə münasibətlərini pozsalar da, qısa zamandan sonra bərpa etmişdilər".
Politoloq qeyd edib ki, Qətərin İranla münasibətləri inkişaf edir, hətta diplomatik əlaqələri də var: "Bu, özlüyündə heç kəsi narahat etməyə bilərdi. Zənnimcə, Qətərin birdən-birə kollektiv şəkildə blokadaya alınması düşünülmüş və öncədən hazırlanmış bir qərardır.
İndiki gedişat hələ başlayacaq proseslərin ilkin mərhələsidir. Əsas məsələ İranın tam təcrid vəziyyətinə salınması ilə başlayacaq. Ancaq bir məsələ də var ki, İranla yaxınlıq edən ərəb ölkələrinə qarşı bu cür sanksiya siyasəti və diplomatik əlaqələrin qırılmasına yönəlik addımlar gərginliyi pik həddə çatdıracaq. Artıq Türkiyə Qətərə öz qoşunlarını, İran isə bu ölkəyə ərzaq məhsulları göndərmək haqqında qərar qəbul edib. Rusiya da Qətərlə telefon danışıqları aparıb. Bu fonda yeni qruplaşma və alyansların yaranacağını söyləmək olar. Bir sözlə, Yaxın Şərqdə yeni bir dönəm başlayır və qarşıdurmalar qaçılmaz olacaq".
Qeyd edək ki, hazırda bir çox körfəz ölkələri Qətərlə münasibətləri dayandırıb. Buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsi əsas göstərilir.