Atəşkəs razılaşması dünyanın diqqətində Dünya

Atəşkəs razılaşması dünyanın diqqətində

Razılaşmanın detalları bir həftə müddətində hazırlanacaq

ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir ki, ABŞ NATO müttəfiqi olduğu Türkiyədən Rusiya ilə arasında imzalanan atəşkəs razılaşmasının detallarını bölüşməsini gözləyir.
“Bu gün İdlibdə təhlükəli vəziyyətin aradan qaldırılmasına, Əsəd rejimi, Rusiya, İran və “Hizbullah” qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı bölgələrə təşkil olunan hücumlardan sonra ortaya çıxan humanitar fəlakəti yüngülləşdirəcəyini ümid etdiyimiz türk-rus atəşkəsini dəstəkləyirik. Artıq ən əhəmiyyətli hissə Əsəd və dəstəkçilərinin daimi atəşkəsin proqnozlaşdırıldığı bu razılaşmaya sadiq qalıb-qalmayacağıdır”, - açıqlamada bildirilib.
Qeyd olunub ki, Suriyadakı münaqişəyə son qoymağın yeganə üsulu ölkə miqyasında atəşkəsin təmin olunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi həll yolunun tapılmasıdır.
Türkiyəli jurnalist, ekspert Sədat Ergin isə bildirib ki, ötən gün əldə olunan razılaşmadakı önəmli nüanslardan biri də Türkiyənin də Təhrir əş-Şam qruplaşması ilə mübarizə aparmaq öhdəliyini götürməsidir.
”Prezident Ərdoğan da verdiyi açıqlamada Türkiyənin İdlibə göndərdiyi hərbi birliklərin həm rejimin hücumlarını zərərsizləşdirməyə, həm də atəşkəsi pozan silahlı qruplaşmaların qarşısını almağa çalışdığını dedi. Təhrir əş-Şam qruplaşmasının qarşısını almaq bundan sonra İdlibdə ən həssas və kritik məsələlərdən biri olacaq”, - Sədat Ergin bildirib.
Politoloq Şahin Cəfərli isə deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə iki məsələ ilə bağlı razılığa gəldilər.
Birinci, atəşkəs barədə razılıq idi. İkinci razılıq isə M4 şose yolunun şimal və cənubunda 6 km dərinliyində təhlükəsizlik zonası yaradılmasıdır. Bu zonada Rusiya və Türkiyə hərbçiləri ortaq monitorinq keçirəcəklər.
“İmzalanan mətndə başqa heç nə yoxdur. İndi gəlin, 3 maddəlik bu anlaşmanın nə mənaya gəldiyini qısaca izah etməyə çalışaq.
Türkiyənin görüş öncəsi əsas tələbi nə idi? Türkiyə tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Yəni Əsəd ötən ilyarımda İdlibdə ələ keçirdiyi ərazilərdən çıxsın. Ərdoğan bu barədə Şama ultimatum ünvanlamışdı. Lakin bu gün imzalanan sazişə baxanda görürük ki, bu məsələ orada əksini tapmayıb. Atəşkəs mövcud təmas xətti boyunca qüvvəyə minir, geri çəkilmə söhbəti yoxdur.
M4 magistralının şimalında və cənubunda təhlükəsizlik zonasının yaradılması (6+6 km) o deməkdir ki, Türkiyənin dəstəklədiyi qüvvələr həmin ərazilərdən çıxmalıdır. Bu, ona görə lazımdır ki, həm M4 (Hələb-Lazkiyə) yolunda hərəkət bərpa olunsun, həm də yaxınlıqdakı Rusiya hərbi bazasına (Hmeymim) olan təhdid aradan qalxsın”.
Türkiyəli ekspert Ceyhun Bozqurd ötən gün Moskvada keçirilən Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.
İdlibdə bütün hücumların əsas səbəblərindən biri də M5 magistralının tutulması idi.
“Əsəd rejimi üçün bu yol çox önəmlidir. Çünki Hələbdən Dəməşqə, Xümsə gedən istiqamətdir. Strateji önəmi ilə yanaşı, eyni zamanda, ticarət yoludur. Məsələn, Hələbdən gələn gəlir rejim üçün çox böyük maliyyə mənbəyi ola bilərdi. Ölkədə çox ciddi gərginlik var və bunu həll etməli idi. Burada anlaşılan budur: M5-lə bağlı hər kəs mövqeyini qoruyacaq. M4 magistralını Türkiyə müəyyən yolla əldə saxlayacaq, çünki bölgədəki insanların təhlükəsizliyi üçün önəm kəsb edir”, - deyə Bozqurd bildirib.
Vurğulayaq ki, Ərdoğanla Putinin İdlib razılaşmasına görə, M4 magistralı rus və türk əsgərlərin nəzarətində olacaq.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib böhranı ilə bağlı görüş keçirilib və atəşkəslə bağlı razılığa gəliblər. Razılaşmanın detalları bir həftə müddətində hazırlanacaq.