Rauf Arifoğlu Ramil Usubovla görüşüb Hadisə

Rauf Arifoğlu Ramil Usubovla görüşüb

Daxili işlər naziri döyülən jurnalistin işini öz nəzarətinə götürüb

Dünən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili işlər naziri Ramil Usubovla görüşüb. R. Arifoğlu APA-ya açıqlamasında bildirib ki, görüş onun müraciəti ilə baş tutub və müzakirə mövzusu da qəzetin əməkdaşı Fərahim İlqaroğluna qarşı həyata keçirilən cinayətin istintaqı olub.
Baş redaktor onun nazirlə görüşündə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev və mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun da iştirak etdiyini deyib: "Sərvər Mehrəliyev jurnalistə qarşı törədilən cinayətlə bağlı istintaqın gedişatı barədə ətraflı məlumat verdi. Mən müşahidə etdim ki, Ramil Usubov da prosesi dəqiqliklə bilir".
R.Arifoğlu vurğulayıb ki, işin gedişi ilə bağlı yeni məlumatlar əldə etsə də, istintaqın gedişinə mane olmamaq üçün detalları mətbuata açıqlamır: "Mən narahatçılığımı bildirdim və bu cinayət işinin törədilmə səbəbləri ilə bağlı mülahizələrimi söylədim. Həmçinin cinayətin icraçısı olan F.Termişi ilə bağlı redaksiyanın əldə etdiyi özəl məlumatları da bölüşdüm".
Baş redaktor bildirib ki, bu görüşdən sonra istintaqın obyektiv və hərtərəfli davam etdiriləcəyinə inanır: "Cənab nazir məni əmin etdi ki, bu iş tam olaraq araşdırılacaq və bütün təqsirkarlar, kimliyindən asılı olmayaraq, cəzalarına çatdırılacaq. Daha sonra istintaqın rəisinə də lazımi tapşırıqları verdi".
R. Arifoğlu görüşdən sonra onda bu işin tezliklə açılacağına ümid yarandığını da vurğulayıb. O, zərərçəkən jurnalist Fərahim İlqaroğlunun yenidən istintaqa çağırıldığını da qeyd edib.