Kredit Zəmanət Fondunun yaradılması sahibkarların maliyyə mənbələrinə çıxışını genişləndirəcək İqtisadiyyat

Kredit Zəmanət Fondunun yaradılması sahibkarların maliyyə mənbələrinə çıxışını genişləndirəcək

"Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək. Bu tədbir "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmış islahatlardan biridir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz Çaparlı deyib.
A.Çaparlı hesab edir ki, Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm bir addımdır: "Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının genişlənməsinə və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər".
O qeyd edib ki, Prezidentin imzaladığı Fərmana əsasən yaradılan Fondun Nizamnaməsinin layihəsini, nizamnamə kapitalının miqdarını, o cümlədən də sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini hazırlamaq dövlət və özəl sektorun nümayəndələrindən ibarət olan İşçi Qrupa tapşırılıb: "Özəl sektor İşçi Qrupunda aparıcı kommersiya banklarının və qabaqcıl audit şirkətlərinin nümayəndələri ilə təmsil olunacaq. Bundan əlavə, Cəmiyyətin Müşahidə Şurası dövlətin iqtisadi-maliyyə qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrindən formalaşacaq".
İİTKM-nin analitiki deyib ki, bununla da, maraqlı tərəflərin iştirakı təmin edilir və Kredit Zəmanət Fondunun fəaliyyətinin açıqlıq, hesabatlılıq və şəffaflıq prinsiplərinin üstündə qurulması təmin olunur. Fərmana əsasən Fondun İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti Azərbaycan Prezidenti tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixində imzaladığı Fərmanla Kredit Zəmanət Fondu yaradılıb.