Davudoğlu Lavrovla Qarabağı müzakirə edib Siyasət

Davudoğlu Lavrovla Qarabağı müzakirə edib

Türkiyə XİN başçısı: "Münaqişənin həlli üçün yaxşı şərait yaranıb"

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaxşı şərait yaranıb". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında Sergey Lavrovla birgə keçirdiyi brifinqdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Ə. Davudoğlu Moskvaya Bakıdan getdiyini söyləyib: "Bugünkü danışıqlarda hörmətli Sergey Lavrovla Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdik. Biz, Türkiyə olaraq regionda "dondurulmuş" münaqişələrin həllinin tərəfdarıyıq. Bu region həm Türkiyəyə, həm də Rusiyaya olduqca yaxındır. "Dondurulmuş" münaqişələrin qalması bölgə ölkələri üçün təhlükə yaradır. Ümid edirik ki, Rusiya Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kömək edəcək, eyni zamanda bölgədə mövcud olan digər "dondurulmuş" münaqişələrin həllində də səylərini əsirgəməyəcək. Ukraynada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinin vacibliyini göstərir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı şərait yaranıb. Bu münaqişənin həlli üçün konkret addımlar atılmalıdır".