“Son bəyanatlar göstərir ki...” Siyasət

“Son bəyanatlar göstərir ki...”

Zaur Məmmədov: “Danışıqların perspektivli yoxa bərabərdir”

“ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin Paşinyanın mövqeyi ilə bağlı fikir yürütməsi gözlənilən idi. Çünki ABŞ həmsədr ölkələrdən biridir və son zamanlar Cənubi Qafqazda öz fəallığını artırıb”. Bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, münaqişənin nizamlanması ilə bağlı bir dəfə artıq ABŞ-da görüş keçirilib: “Eyni zamanda, demək olar ki, bir neçə dəfə ABŞ tərəfindən tərəflərə, xüsusən də Ermənistana təkliflər irəli sürülüb. Bu da ilk növbədə ətraf ərazilərin boşaldılması ilə bağlıdır. Həmsədr ölkələrinin hər 3-ü üçün bu gün Cənubi Qafqazda münaqişənin olması onların gələcəkdə öz maraqlarını reallaşdırmaq istiqamətində açar rolunu oynayır. Buna görə də hər 3 ölkə eyni mənada geosiyasi maraqlarını nəzərə alaraq Qarabağ münaqişəsinin status-kvosunun qalmasında əslində maraqlıdırlar. Ola bilər ki, ayrı-ayrı vaxtlarda siyasilərdən hansısa bəyanatlar səsləndirilsin. Lakin ümumilikdə həmsədr ölkələr status-kvonun qalmasında maraqlıdırlar”.
“Həmsədr ölkələr Cənubi Qafqazdakı bu münaqişənin nizamlanması ilə məşğul olmalıdırlar, ancaq onlar özləri üçün qarşıya əsas vəzifə onu qoyublar ki, münaqişə sadəcə müharibə fazasına keçməsin, hazırkı vəziyyətdə qalsın, tərəflər isə danışıqlara davam etsinlər”, - deyən Z.Məmmədov əlavə edib ki, bu danışıqlar artıq illərdir nəticəsizdir: “Və son bəyanatlar da onu göstərir ki, danışıqların perspektivliyi indiki halda belə davam edərsə demək olar, yoxa bərabərdir”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun əvvəlində Azərbaycanın işğal altında saxlanılan Xankəndidə keçirilən “ümumerməni oyunları” tədbirində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına münasibət bildirib: “Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq. Biz səbirsizliklə tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü gözləyirik, ümid edirəm ki, sentyabrda baş tutacaq. Bu dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq”.