Vətəndaş Cəmiyyəti və əxlaq məsələləri Layihə

Vətəndaş Cəmiyyəti və əxlaq məsələləri

Əxlaqi-mənəvi mədəniyyət xalqın həyat tərzindən, insanların birgə yaşayışından doğan ümummilli və ayrılıqda hər bir fərdin baxışlar sistemidir. Azərbaycan tədqiqatçısı M.Yusifov çox doğru olaraq əxlaqi-mənəvi məzəmmət sistemi və bu sistemi təşkil edən komponentlərin xalqın sosial-mədəni, dini və mənəvi həyatı və həyat tərzində yarandığını və onun azərbaycançılıq ideyası ilə qarşılıqlı əlaqədə olduğunu göstərib: "Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək, ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın özünə məxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranmışdır".
Azərbaycan xalqının yaratdığı əxlaqi dəyərlər tarixən dəyişmiş, onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və milli-mənəvi dəyərlər yaratmışlar. L.N.Qumilyov yazır ki, milli-mənəvi, əxlaqi sahədə bu qazanılanlar "imperativə" çevrilir və zamanca "passizm" adlanan duyğu formasını qazanır. Bunun mahiyyəti ondan ibarətdir ki, etnik birliyin hər bir fəal qurucusu özünü əcdadlarının tutduğu xəttin davamçısı və ona nə isə əlavə edəcək şəxs kimi hiss edir. Yeni nə isə edilən bir şey onu ifadə edir ki, keçmiş itməmiş və o, insanın özündədir və odur ki, ona nə isə əlavə etməyə dəyər. Bununla da keçmiş itmədən indidə toplanır və gələcəyə doğru hərəkət edərək yaşayır.
fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, insanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.
Əxlaq nəzəriyyəçiləri əxlaq və digər mənəvi prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq etmişlər. Rusiya filosofu K.Drobnitski mənəvi prinsiplərə insanların mövcud şəraitdə tənqidi münasibətin qabiliyyətinin mənəvi-tarixi inkişafı prosesində ənənələr və adətlər, siyasi-iqtisadi vəzifələr yerinə yetirsə də hər bir cəmiyyətdə fərdi mənəvi dəyərlər də mövcud olmuşdur. Hər bir adət-ənənə fərdi-mənəvi keyfiyyət tipi kimi - şərəf, ləyaqət, xeyirxahlıq kimi qiymətləndirilir.
Y.Tukkelin qeyd etdiyi kimi, mənəvi adətlər siyasi-iqtisadi həyatın bilavasitə əlavəsinə çevrilərək, əxlaqi sərvətləri real məzmun olmadan yalnız formaca özündə saxlayır: "Axı, şərəflilik, xeyirxahlıq siyasi əmrlərin gözlətməsidir. Ümumiyyətlə, mənəvi prinsiplər insan həyatının mənası haqqındakı düzgün təsəvvürlərini formalaşdırır". S.Xəlilov düzgün olaraq göstərir ki, "mənəviyyat" və "mədəniyyət" anlayışlarını qarşılaşdırmış olsaq, görərik ki, mədəniyyət sferasına aid olan, yəni insanın əməli fəaliyyəti ilə bağlı olan bir çox hadisələr mənəvi-əxlaqi məzmun daşıyır. Elmin, ədəbiyyatın, incəsənətin, dinin və hətta siyasi-hüquqi fəaliyyətin əxlaqi-mənəvi aspektləri vardır. Mənəvi mədəniyyət məhz bu iki böyük həcmli anlayışın kəsişmə sahəsini əhatə edir.
Digər Azərbaycan tədqiqatçısı Emin Mustafayev əxlaqi-mənəvi mədəniyyəti fikir hesab edir və islamda əxlaqi-mənəvi mədəniyyət probleminə toxunaraq yazır ki, isanların buna mənəvi ehtiyacı vardır. Bunlar əzəldən insan təbiətinə qoyulmuşdur. Lakin onlar bir növ mənəvi instinktlər, hələ açılmamış, aydınlaşmamış mənəvi anlayışlar hesab olunur. Zaman keçdikcə belə mənəvi anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi, individual seçiminə uyğun olaraq tam formalaşır. Formalaşmış mənəviyyat insanın daxili mənəvi nizamlayıcısının Allah-Taalanın təyin etdiyi mənəviyyat qanunları ilə uyğunluğuna səbəb olur. Lakin əgər insanın daxili aləmi öz fitri mənəvi ehtiyaclarına rəğmən, gerçəkləşdiyi zaman ilahi mənəviyyat qanunları ilə ziddiyyət təşkil edərsə, onda belə bir insanın qəlbində mənəviyyatsızlıq hökm sürəcəkdir. Mənəviyyatsızlıqdan doğan əməl və hərəkətlər isə günah adlanır. Günahın təhlükəsi qeyri-ixtiyari olaraq insanın daxili, ruhani aləmini və bununla da, onun şəxsiyyətini bütünlüklə özünə tabe edir. Mənəviyyatsızlığın toxumları hesab olunan günahlar öz müəllifləri tərəfindən tam şüurlu şəkildə həyata keçirilir.
İslam aydın və qəti olaraq bəyan edir ki, insanın yaradılışından məqsəd İlahi mənəviyyat qanunlarına salmaqla, Allaha yetişərək əbədi səadətə - dünya və axirət səadətinə qovuşmaqdır. Bu din bizə insanın dünya həyatının sınaq, fədakarlıq dövrü, gələcək əbədi həyata hazırlıq dönəmi olduğunu öyrədir. Deməli, bu dünyadakı həyatımızın əsas məqsədi qarşıdakı əbədiliyə lazımi şəkildə hazırlaşmaqdan ibarətdir. Dünya həyatı qısa və təkraredilməzdir, çünki insan yer üzündə yalnız bir dəfə yaşayır. Ona görə də, öz həyatımızı məhv etmək istəmiriksə, bu dünyada yaxşılıqlar etməli, saleh əməl sahibi olmalıyıq, çünki məhz bu əməl və xeyirxahlıqdan Allah-Taala əbədilik qapısında bizdən tələb edəcək.
Hər bir müsəlman Allahın köməkliyi ilə həyatını saleh əməllərə yönəltməsi baxımından öz dünya həyatının müəllifidir. Lakin xeyirxah bir insan olmaq üçün o, nöqsan və qüsurları ilə mübarizə apararaq, öz üzərində işləməli və özündə xeyirxah və İlahi keyfiyyətləri inkişaf etdirməlidir. Bu mübarizə və cəhdlər, dünya həyatının bu fədakarlığı hər bir müsəlman üçün zəruridir. Uca Tanrı buyurur: "Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır)". (74;38). Hər bir insanın həyatındakı bu fədakarlığı nəticəsində onun mənəvi siması hasil olur. O, bütün dünya həyatı boyu özünü islah etməyə, öz daxili aləmini saflaşdırmağa və mənəvi kamilliyə yetişməyə cəhd etməlidir. İslam nöqteyi-nəzərindən həyat cəhd, mübarizə, fədakarlıqdır, daima xeyirxahlıq və kamilliyə can atmaq yoludur. Bu yolda dayanmaq isə mümkün deyil. Öz üzərində işləməyi dayandıran insan olduğu kimi qalmayacaq, mütləq daha pis olacaq - yuxarı atılan və yüksəlməyi dayandıran daş kimi havada asılı qalmayacaq, mütləq aşağı düşəcək... İslam əbədi səadətə qovuşmağın aydın yolunu göstərir. O səadətə ki, həm dünya, həm də axirət həyatımızı əhatə edir. Dünya həyatının səadəti Allahın bəxş etdiyi qəlb rahatlığı, ruhun şad olmasıdır, bunu isə yalnız mənəviyyat qanunları ilə yaşamaqla əldə etmək olar. Günahlar isə bizi mənəviyyat qanunlarına uyğun olaraq yaşamaq imkanından və deməli, qəlb rahatlığından məhrum edir, bunu da başqa heç nə ilə əvəz etmək mümkün deyil! Beləliklə, günahlar bizim xoşbəxtliyimizin düşmənləridir. Hər bir günah, istisnasız olaraq, səadətin əsas düşməni və maneəsi olduğu üçün, aydın məsələdir ki, səadətə can atan insan hər cür günahdan qaçmaq və Tanrıdan bütün günahlarla mübarizə etmək üçün mərhəmət və kömək diləməlidir...
Siyasi ekspert Mütəllim Rəhimli isə hesab edir ki, yeni müstəqillik əldə etmiş ölkələrdə cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz QHT sektorundan başlayır. Qərbdə də, təbii ki, bizim cəmiyyətlər üçün yeni yaranan, hələ "çirkaba bulaşmamış", mahiyyətcə də vəzifəsi ictimai mənafeləri müdafiə etmək olan bu qurumların fəaliyyətini və gücünü qiymətləndirirlər: "Lakin cəmiyyətin inamı və rəğbəti sonsuz deyil. Ona görə, QHT-lər də cəmiyyətin bu etibarından sui-istifadə edərək özünü nüfuzdan salmamalıdır. Təəssüf ki, son vaxtlar vətəndaş cəmiyyətinin klassik məzmun-mahiyyətini dərk edə bilməyən bəziləri bu sahəyə eybəcərliklər gətirməkdədir. Məsələ burasındadır ki, bu sfera nə qədər qanunların gücü ilə tənzimlənsə də, bir o qədər də yazılmamış qanunlarla nizama salınır. Deməli, burada mənəvi, əxlaqi kateqoriyalar kifayət qədər vacibdir və üstünlük təşkil etməlidir. Vətəndaş cəmiyyətinin istər daxilində, istərsə də onun cəmiyyətlə münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin aparıcı fiqurlarının özləri kifayət qədər əxlaqlı, milli-mənəvi dəyərlərə bağlı şəxslər olmalıdır".
Onun fikrincə, ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din icra edir, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir: "Qeyd etmək lazımdır ki, son dövrlərin diqqət mərkəzində olan və həssas münasibətlə əhatələnən vətəndaş cəmiyyətlərində özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalaşır: vətəndaş cəmiyyətlərini təşkil edən fəal insanların özlərinin davranışlar məcmusundan və onu izləyən vətəndaşlarla münasibətlərin cəmindən. Sistemin birinci tərəfi tələb edir ki, şəxs özü əxlaqlı olmalıdır. Bu da başa düşüləndir. Çünki cəmiyyətin qayğıları ilə məşğul olan və fəaliyyət sahəsi də təmənnasız xidmətə söykənən insan başqa cür ola da bilməz. Ona görə, bu fəaliyyət sahəsi prinsipcə özü yüksək əxlaq, mədəniyyət tələb edir və bunlarla həmahəng fəaliyyətlə vəhdətdədir. İnsanlar çalışdıqları sahələrdəki fəaliyyətləri ilə özləri üçün cəmiyyətdə bir obraz formalaşdırmaqdadır. Çox maraqlıdır ki, son dövrlər köbələk kimi artan şou-biznes əhli, müğənnilər haqda heç də yaxşı olmayan ictimai fikir formalaşmaqdadır. Müğənni olmaq istəyirsənsə, "səsin olması vacib deyil", "həyat yoldaşından boşanmalı", "qısa geyinməli", "dedi-qodulara qoşulmalı" və "sponsor tapmalısan" fikirləri həqiqi sənətkarları da hörmətdən salır. QHT liderləri bax bu cür ictimai qənaətdən qorxmalı və ona rəvac verəcək hərəkətlərdən uzaq olmalıdır. Əks halda onlar cəmiyyətə təsir güclərini, mexanizmlərini itirmiş olarlar".
O, əlavə edib ki, sistemin ikinci tərəfinə, yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə gəldikdə isə burada düzgünlük, sözə bütövlülük, ədalətlilik əsas dəyər olmalıdır: "Vətəndaş cəmiyyətinin liderləri "almaqdan" deyil, "verməkdən" həzz almağı bacarmalıdırlar. Onlar cəmiyyətə daha çox fayda verəndə ləzzət almalıdırlar, bu onların həyat meyarı olmalıdır. Nəinki gördükləri işin müqabilində daha çox maddi gəlirlər əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrlər bəzən bu tendensiya ilə qarşılaşırıq. İmkan vermək olmaz ki, QHT sektoru "qovulmuşların" at oynatdığı, dəyərlərin alınıb-satıldığı alver məkanına, ara düzəldənlərin oylağına çevrilsin.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə obyektiv qiymət verilməsi üçün cəmiyətin özünün də əxlaqi-mədəni səviyyəsi yetərli səviyyədə olmalıdır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmasının mədəniyyət olduğu dərk olunmur. Bu zaman vətəndaş cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bu zaman əyrilik, qanunları pozmaq qəhrəmanlıq, əxlaq, mənəviyyat isə geridə qalmaq kimi qiymətləndirilir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Vətəndaş cəmiyyəti institutları cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər olmalı, bilavasitə daimi olaraq özünü təkmilləşdirməli, əxlaqi-mənəvi dəyərlərə bağlılığını artırmalıdır. Aparılan maarifləndirmə işlərinin əsas hədəfi də buna yönəlməlidir. Ona görə də ilk növbədə özlərinin davranışlar sistemi yüksək əxlaq normaları çərçivəsində olmalıdır...".

Əli