İranda 966 nəfər edam edilib Güney Azərbaycan

İranda 966 nəfər edam edilib

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid bu ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı yeni hesabat yayıb. Hesabatda deyilir:"İran İslam Respublikasında əvvəliki illərlə müqayisədə insan hüquqları ilə bağlı vəziyyət nəinki yaxşılaşmayıb, hətta getdikcə pisləşib. Belə ki, 2015-ci ildə İranda 1000-ə yaxın insan edam edilib. İranın rəsmi qurumlarının yaydığı məlumata əsasən, 2015-ci ildə bu ölkədə ən azı 966 nəfər edam edilib. Edam edilənlərin yarısı, narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinərək ölüm hökmünə məhkum edilən məhbuslar olub.
Ölüm hökmlərinin çoxu isə İranın Kərəc şəhərinin Qızılhasar zindanında icra edilib. Həmin zindanda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılanlarla yanaşı, siyasi məhbuslar da saxlanılır.
Həmin müddətdə, İranda söz və ifadə azadlığı ilə bağlı vəziyyət də əvvəlki illərlə müqayisədə ağırlaşıb. 2015-ci ildə ölkədə 6 yazıçı, musiqiçi və incəsənət xadimi, 22 jurnalist və 23 bloqçu və sosial şəbəkələrin fəalları tutulub. Həmçinin milli və dini azlıqlara qarşı da təzyiqlər artıb.
Həmin ildə İran İslam Respublikasında milli və dini azlıqlara qarşı sistematik şəkildə təzyiqlər gücləndirilib, bəhai dininə inananlar, eləcə də islamı tərk edərək xristianlığı qəbul edən vətəndaşlar incidilib, əzab-əziyyətə məruz qoyulub".