İran parlamentində Türk fraksiyası: ilkin işartılar Güney Azərbaycan

İran parlamentində Türk fraksiyası: ilkin işartılar

Türk fraksiyası gələcəkdə məhz etnik kimliyimiz üzərində təsirə malik bir milli siyasi elitanın formalaşması üçün zəmin rolunu oynaya bilər.
Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, İran parlamentində Türk fraksiyasının yaradılmasını müsbət qiymətləndirib:
"60-dan çox millət vəkilinin təmsil olunduğu fraksiyaya "türk" etnik-kimliyini ifadə edən sözün əlavə edilməsinin özü də ciddi məqamdır. 90 ildir ki, İranda türk kimliyi inkar edilir və bunun əvəzinə qondarma "azəri" sözündən istifadə edilir. Türk fraksiyasında həm islahatçı, həm də mühafizəkar qanadın təmsilçilərinin yer alması təqdirəlayiqdir. Bu göstərir ki, fraksiyada milli kimlik üzərində vurğu var. Lakin mən deməzdim ki, bu gün İranda bir türk açılımı var. Çünki açılım daha çox siyasi sistemin hər hansı bir etnik azlığa münasibətində qəbul etdiyi siyasi qərarlarla ifadə edilir. Azərbaycan türkləri İranda azlıq deyillər, onların sayı 40 milyondan artıqdır. İqtidar, mühafizəkar və islahatçı qanadda kifayət qədər nüfuzlu türklər var və onlar dövlət idarəçiliyində aparıcı şəxslərdir. İranda problem sistemin özü ilə bağlıdır. Fraksiyasının yaranması gələcəkdə məhz etnik kimliyimiz üzərində təsirə malik bir milli siyasi elitanın formalaşması üçün zəmin rolunu oynaya bilər. Hətta İranın daxilində gedən son siyasi prosesləri müşahidə etdiyimizdə bu siyasi elitanın formalaşmasının ilkin işartıları indidən görünməkdədir".
Analitikin sözlərinə görə, İran Konstitusiyasının 15 və 19-cu maddələrinin praktikada tətbiqi isə türklərin öz milli-mədəni hüquqlarından tam şəkildə istifadə etmələri üçün yaşıl işıq yandıra bilər:
"Qərblə münasibətlərdə yeni dönəmin başlaması, daxildə müəyyən yumuşalmalar, eləcə də milli kimlik məsələlərinin qabarıq şəkildə önə çıxması sistemi müəyyən adekvat addımlar atmağa vadar edir".
Qeyd edək ki, İran parlamentində Türk fraksiyası yaradılıb. Azərbaycan əraziləri ilə yanaşı, digər bölgələrdən, o cümlədən İsfahan, Tehran kimi şəhərlərdən də türk əsilli deputatlar parlamentdə yer alır. 290 yerlik İran parlamentində 100 nəfərlik Türk fraksiyası 35 faizlik səs deməkdir.
1979-cu il İran İslam İnqilabından sonra ölkədə bütün etnik qrupların haqları konstitusiya ilə tanınsa da, Azərbaycan türklərinin milli-mədəni haqları ilə bağlı problemlər hələ də qalmaqdadır.