Cinayətə aparan seriallar... Hadisə

Cinayətə aparan seriallar...

Arzu Şirinova

Əvvəllər qonşu qonşuyla dava edəndə və bəzi hallarda biri digərinə xətər yetirəndə bütün el-oba onları qınayardı. Uşaqkən kəndimizdə hamının nifrətinə səbəb olan bir hadisə indi də yaddaşımdan silinməyib. Evin bircə oğlu, yenicə ailə həyatı qurmuş Rəsul (şərti ad-A.Ş.) qonşusu ilə mübahisə edərkən qonşusunun onu sinəsindən itələməsi nəticəsində ayağı büdrədi və tarazlığını saxlaya bilmədiyi üçün başı yaxınlıqdakı daş parçasına dəydi. Elə oradaca dünyasını dəyişdi. Rəsulun qonşusu nə qədər and-aman eləsə də ki, bu hadisəni qəsdən törətməyib, lakin nəinki mərhumun valideynləri, hətta bütün kənd onu bağışlamadı. Və cinayət törədən cavan oğlanın ən gözəl illəri həbsxanada keçdi. Həbsxanadan çıxandan sonra da bütün kənd ona Rəsulun qatili kimi baxırdı. Hətta kənddən kimsə qızının onunla evlənməsinə rəva görmədi və o, qonşu kənddən bir qızla ailə həyatı qurdu...
...Bu gün isə cinayət hadisələri adiləşib. Həinki qonşu qonşuya və yaxud tanış tanışa xətər yetirir, hər gün demək olar ki, aşağıdakı informasiyaları oxumaqla günümüzə başlayır və belə informasiyalardan hazırlanmış vidiosüjetləri seyr etməklə günümüzü bitiririk. Məsələn, "qardaş qardaşı güllələdi", "qardaş bacısını öldürdü", "kişi arvadının başını kəsdi", "arvad ərini baltaladı", hətta "oğul anasını boğaraq öldürüdü".
Bu həftə də ölüm faktı olmasa da, buna bənzər informasiya diqqətimi çəkdi. Əsgərlikdən gələn cavan sevdiyi qıza elçi göndərir. Elçi gedən ana və oğulları qız evini razı sala bilmirlər və evə dilxor qayıdırlar. Bunu görən cavan oğlan onları sorğu-sual edir və məsələdən hali olanda, onlarla haqq-hesab çürüdəcəyini bildirir. Bu olaydan az keçməmiş ana və oğulları qızın qardaşı ilə küçədə rastlaşırlar. Qızı ala bilməyən ailə heyflərini qardaşdan çıxmaq istəyir. Qardaş da görür ki, bunlar çoxluqdurlar, bacara bilməyəcək. Asan yolu üstündə gəzdirdiyi bıçaqda görür və çıxararaq ananı da, oğlanları da yaralayır.
Yaşadığım Sumqayıt şəhərində insanların gözü qarşısında qətl hadisəsi törədilib. Kişi həyat yoldaşını küçədə odlu silahla vurmaq istərkən qadının bacısı araya girib və silahdan açılan atəş ona dəyib. Və yerindəcə dünyasını dəyişib. Yenə də Sumqayıt şəhərində kişi uşaqlarının-5 yaşlı qızı və 4 yaşlı oğlu-gözü qarşısında arvadının başını balta ilə kəsib. Bu qanlı hadisəni və dəhşəti görən 5 yaşlı qızın dili tutulub.
Bütün bu və digər hadisələr niyə baş verir? Bəziləri bunu sosial problemlərin ağırlığı ilə izah edir, digərləri qısqanclıq, narkotika və spirtli içki aludəçiliyilə bağlayırlar. Ancaq mənim gəldiyim qənaət bundan ibarətdir ki, əksəriyyət qətllərin baş vermə səbəbləri müxtəlif ölkələrin istehsalı olan seriallardakı açıq-aşkar göstərilən qətl hadisəsi və bu hadisənin bəzən təqdir olunacaq tərzdə beyinlərə yeridilməsidir. Bəlkə də bunun nəticəsidir ki, bu cür seriallara baxan insanlar qətli törədənləri özlərinin qəhrəmanı sayırlar və özlərini əmin edirlər ki, xəyanət etməyə cəht göstərənlərin aqibəti ölümlə nəticələnməlidir. Bu faciəni isə, yuxarıda göstərdiyim kimi, körpələrinin gözləri qarşısında törədirlər. Artıq həmin körpələrin yaddaşında ata qatil, ana isə namussuz kimi qalacaq. Və bununla da onların həyatı məhv olacaq...
Hər gün buna bənzən hadisələri oxuyub, izləmək etiraf edək ki, psixologiyamıza təsirsiz ötüşmür. Bu da ailədə və işdə özünü göstərir.