“Ermənistan üçün insanların həyatı maraqlı deyil” Layihə
Politoloq: “İşğalçı ölkə Dağlıq Qarabağda “seçki” keçirməklə bir daha beynəlxalq hüququ saymadığını nümayiş etdirdi”
Fikrət Sadıqov:”Dağlıq Qarabağ separatçılarının bu cür tamaşalar keçirməklə özlərinə zərbə vurdular”
Bütün dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır. Dövlətlər bütün işlərini arxa plana ataraq əhalini qorumaq üçün təxirəsalınmaz tədbirlər görürlər. Amma işğalçı Ermənistan virus təhlükəsini, Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıq və tövsiyələrini heçə sayır və təxribatçı əməllərini davam etdirir.
Xatırladaq ki, martın 31-də işğal altındakı Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirildi.
Millət vəkili Musa Qasımlı “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, təcavüzkar erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda keçirilmiş qondarma “seçkilər”in heç bir beynəlxalq hüquqi əsası yoxdur:” Çünki Azərbaycanın həmin əraziləri Ermənistan tərəfindən işğal edilib. İşğal nəticəsində qondarma rejim yaradılıb. Həmin rejim işğalçı ordunun süngüləri ilə bu gün də mövcuddur. Beynəlxalq birlik bu qondarma “seçkilər”i tanımadı, pislədi. Belə mövqe isə Ermənistanı yerində oturtmaqdır. Ermənistan rəhbərliyi gec-tez işğalçılıq siyasətinin ona baha başa gələcəyini dərk eməli və avantüradan əl çəkməlidir”.
“Bəşəriyyətin sınağa çəkildiyi və Azərbaycanın da dünya ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda Ermənistanın yenə də öz məkrli siyasətindən əl çəkmədiyinin şahidi olduq. Belə ki, dünyanın ürəyinin tək bir arzu ilə çırpındığı zaman Ermənistan nəinki bu qorxunc virusla mübarizə aparmaq məsələsində ümumi axının əksi istiqamətində hərəkət edir, hətta Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda “seçkilər” keçirməklə şou göstərir”-deyən politoloq Şəbnəm Həsənova bildirib ki, hazırki dövrdə separatçı rejimin belə bir addım atması tək Azərbaycana qarşı deyil, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq deməkdir.
Onun sözlərinə görə, birincisi, bu, bir daha onu sübut edir ki, humanizm prinsiplərini pozan Ermənistan üçün bir dövlət olaraq koronavirus pandemiyasının insanların həyatına necə təsir edəcəyi maraqlı deyil: “İkincisi isə, işğalçı Ermənistan Dağlıq Qarabağda “seçki” keçirməklə bir daha beynəlxalq hüququ saymadığını nümayiş etdirdi”.
Politoloq söyləyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun işğal edildiyi artıq bütün dünyaya məlumdur: “Əvvəla, bu, beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozulması deməkdir. Bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb ki, belə bir şəraitdə “seçkidən”, beynəlxalq hüquq normaları çərçivəsində dövlətlər üçün müəyyənləşdirilən və onlara xas olan hər hansı bir fəaliyyətdən söhbət gedə bilməz. Çünki seçki beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən bir hadisə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan dövlətlər tərəfindən həyata keçirilir ki, bu, həm də beynəlxalq standartlara cavab verən bir tələbdir”.
Ş. Həsənova vurğulayıb ki, Ermənistanın özünün də üzv olduğu ATƏT-in 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı bu qurumun əsas prinsipidir: “Bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. Deməli, Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda “seçki” keçirilməsi Ermənistanın təşkilata üzv ölkə kimi bu prinsipi və təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri kobudcasına pozması deməkdir. Bu “seçkilər” beynəlxalq hüququn aktorları tərəfindən qəbul olunan normal seçkilərdən tamamilə fərqlidir və heç bir legitimliyi yoxdur”.
Politoloq Rusif Məmmədsoy isə diqqətə çatdırıb ki, Dağlıq Qarabağda keçirilən qondarma “parlament və prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur: “Dünya dövlətləri bu seçkiləri tanımır. Tanımamaqla yanaşı qınayır. Çünki bu seçkilər bir daha onu göstərir ki, əslində Ermənistan tərəfi bu münaqişənin sülh yolu ilə həllində maraqlı deyillər. Burada yaranan əsas sual nədən ibarətdir? Belə bir zamanda, daha dəqiq desək dünyanın pandemiya ilə mubarizə apardığı bir dönəmdə bu “seçki” nəyə və kimlərə lazım idi? Cavabı olduqca sadədir. Paşinyana müxalif olan qüvvələrə. Bundan əlavə isə bu məsələni təxirə salmaq onlar üçün daha zərərli idi. Belə ki, mövcud qarşıdurmalar artmaq üzrədir. Paşinyan hakimiyyətə gəldikdən sonra iki tərəf arasında mübarizə gedirdi. Qarabağ klanı heç bir halda Paşinyanın ardınca getmədi. Təbii ki, bunun da öz səbəbləri var. Başlıca səbəb də məhz Köçəryan amilidir ki, onun həbsi və.s amillər də buna sübutdur. Lakin bununla belə Paşinyan da öz adamını həmin kürsüdə görmək istəyirdi. Orada da əsas rəqibi Köçəryanın namizədi idi”.
Ekspertin sözlərinə görə, Bako Saakyan da olduqca çətin vəziyyətdədir: “Seçkilər zamanı hər kəsi öz namizədinə səs verməyə vadar edən Robert Köçəryan Bako Saakyanı da sıxışdırır. Buna görə də Paşinyanın təzyiqi ilə üzləşir.
Əslində bütün bunlar Ermənistan hökumətinin əsl simasını göstərir. Onların əsas məqsədi sülh danışıqlarında iştirak etmək deyil, daha da möhkəmlənməkdir. Pandemiya bitdikdən sonra ölkəmizin hərbi müdaxiləsnin olacağını düşünürəm”.
Politoloq Fikrət Sadıqov deyib ki, əslində Dağlıq Qarabağ separatçılarının bu cür “seçkilər” keçirməsi və onların keçirdiyi bu “seçkilərin” hər dəfə dünya birliyi tərəfindən tanınmaması, qınanması sevindirici haldır: “Hər dəfə bu “seçkilərin” keçirilməsindən sonra xarici dövlətlərin və beynəlxalq strukturların mövqeyi daha da sərt şəkildə ifadə olunur”. Politoloqun sözlərinə görə, keçirilən “seçkilərə” beynəlxalq münasibəti illərlə müqayisə etmişəm və keçirilən sonuncu “seçkiləri” hətta Ermənistanın müttəfiqi olan Rusiya belə çox sərt tənqid edib: “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da bu məsələ ilə əlaqədar çox sərt ifadələr işlədib. Vaxtilə bir sıra dövlətlər, həmçinin Rusiya daxil olmaqla sadəcə olaraq bəyan edirdilər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və tərəflər ərazi bütövlüyü çərçivəsində sülhə gəlməlidir. Lakin bu dəfə onlar açıq şəkildə bəyan edirlər ki, Dağlıq Qarabağda keçirilən “seçkilər” biz tərəfdən heç bir zaman tanınmayacaq. Bu addım danışıqlar prosesinə, beynəlxalq hüquqi normalara ziddir və bir çox dövlətlər bu cür ifadələri açıq şəkildə dilə gətirib”.
F.Sadıqov vurğulayıb ki, bütün bunlar separatçı və qondarma rejimin uğursuzluğudur: “Onlar əgər hesab edirlərsə ki, bu cür “seçkilərin” keçirilməsi ilə nəyisə sübut edəcəklər, onlar yanılırlar və hər dəfə bu addımları atmaqla özlərinə yeni zərbələr vururlar. Çünki dünya birliyinin separatçılığa mövqeyi eynidir. Avropa və həmçinin digər dünya dövlətləri də separatçılıqla üzləşib və separatçılıq dünya birliyi tərəfindən heç vaxt dəstəklənməyəcək. Dağlıq Qarabağ separatçılarının bu cür tamaşalar keçirməsi özlərinə zərbə vurmaqdan başqa bir şey deyil”.
Əli