“Yerli uşaqlardan dəstək gözləyirəm” İdman

“Yerli uşaqlardan dəstək gözləyirəm”

Elbrus Məmmədov: "Aralarında böyük olmayıb..."

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

- Yunis Hüseynovu baş məşqçi postunda əvəzləyəndən sonra sizin də istefa verdiyiniz haqda xəbər yayılmışdı...
- Xeyr. Uşaqlar yığışıb, öz tələblərini irəli sürmüşdülər. Məsləhətsiz rəy veriblər. Mən bir baş məşqçi kimi bu problemləri həll etməyə, onları qaytarmağa çalışıram. Çox istərdim ki, hazırkı işimdə də 4 il əziyyətini çəkdiyim məhz o uşaqlar yanımda olsunlar. Çox çətin vəziyyətdi. İstəyirəm ki, anlaşılmazlığı aradan götürüm.
- Necə düşünürsüz, istəyinizə çatacaqsızmı?
- Klub rəhbərliyi ilə ortaq məxrəcə gəlmişik. Qalıb uşaqların qayıtması. Aralarında bir böyük olmayıb ki, onlara məsləhət versin, desin ki, belə olmaz. Onları razı salmaq üçün əlimdən gələni edəcəm. Sadəcə, uşaqlar da başa düşməlidilər. Maliyyə problemi bütün klublarda, bütün ölkələrdə var. Bir az səbr etmək, dözmək lazım idi. Bu qədər dözmüşdülər, bir həftə də mənimlə dözməli idilər. Klub rəhbərliyi söz vermişdi ki, üzümüzə gələn həftənin axırına qədər köhnə maaşların bir qismini veriləcək. "Xəzər Lənkəran" indiyə qədər heç kimə borclu qalmayıb. Deməli, bundan sonra da qalmayacaq.
- Əsas komandaya birinci dəfə baş məşqçi gələndə də vəziyyət çətin idi. Amma onda komandada Rahid Əmirquliyev kimi bir neçə təcrübəli futbolçu var idi. Bu dəfə komandanın aqibəti necə olacaq?
- Görün, indi mənim vəziyyətim nə dərəcədə çətindi? Amma yenə də komandanın dirçəlişi üçün əlimdən gələni edəcəm. Mən olsam da, olmasam da, "Xəzər Lənkəran" fəaliyyətini davam etdirəcək. Sadəcə, indiyə qədər burda yediyim çörəyə görə əlimdən gələni etməliyəm ki, komanda fəaliyyətini davam etdirsin. Əsas məqsəd budu. İstəyirik ki, yola yerli uşaqlarla davam edək.
- Komandaya qaytarmaq istədiyiniz futbolçular fərqli qərar qəbul etsələr, hansı addımı atacaqsız?
- Gəlsələr, sevinərəm. Qayıtmasalar, yeni futbolçular dəvət edəcəyik.
- Klubun hazırkı maddi durumu buna imkan verirmi?
- Maddi durum buna imkan verir. İnanın, bu dəqiqə bütün klublarda maddi vəziyyət eynidi, çətindi. Elə təəssürat yaranıb ki, guya biz 6 ay çörəksiz qalmışıq. Pulu hissə-hissə veriblər. Odu ki, komandadan ayrılmaq qərarı verən gənc futbolçularımız indiyə qədər dözmüşdülərsə, bir az da dözməliydilər. Qərarlarını dəyişib-dəyişməyəcəklərindən asılı olmayaraq, onlara haqqımı halal edirəm.
- Məlum məsələdi ki, mövsümün qalan hissəsində "Xəzər Lənkəran"ın hədəfi yüksək dəstədəki yerini qorumaq olacaq. Bunu bacaracaqsızmı?
- Doğrudu, əsas məqsəd çempionatda qalmaqdı. Birinci yer uğrunda oynayacağımızı desəm, düz çıxmaz, mənə gülərlər. Yüksək dəstədə qalmaq və turnir cədvəlində bacardıqca irəliləməyə çalışacağıq.
- Orxan Sadıqlının mövsümün qalan hissəsini "Xəzər Lənkəran"da keçirəcəyi dəqiqləşdimi?
- Bu, Orxanın özündən asılıdı. İnanıram ki, komandada qalacaq.
- Bəs komandadan ayrılan Tural Cəlilov və Rasim Ramaldanovun dönmək ehtimalı necə, varmı?
- Var. Hər ikisindən xəbər gözləyirəm. Qayıda bilərlər. Mən yerli uşaqlardan dəstək gözləyirəm. 4 il onlara zəhmət çəkmişəm. Odu ki, inanıb, komandaya qayıtmalıdılar.