“Silahlı Qüvvələrinin potensialı imkan verir ki, sürətli hücum həyata keçirsin” Siyasət

“Silahlı Qüvvələrinin potensialı imkan verir ki, sürətli hücum həyata keçirsin”

Ramil Məmmədli: "Bizim qələbəmizlə Azərbaycan sülhə nail ola biləcək"

"Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün hərbi hissədə söylədiyi fikirlərdə dövlətimizin Qarabağ münaqişəsi, Ermənistanın işğalına, konfiliktin sülh yolu ilə həlli ilə bağlı hərbi-siyasi mövqeyi, o cümlədən hərbi-texniki imkanlarımızın mövcud vəziyyəti, qarşıda duran vəzifələr öz əksini tapıb". Bunu hərbi siyasi icmalçı Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Prezident Azərbaycanın hərbi elitasına bir daha çatdırıb ki, qarşıda ölkəmizi daha böyük savaşlar gözləyir: "Dövlət başçısı bildirib ki, biz özümüzə güvənib bu naliyyətləri əldə etmişik və öz gücümüzlə qalib də gələcəyik".
R.Məmmədli hesab edir ki, ordu quruculuğuna bu şəkildə yüksək səviyyədə diqqət yetirilməsi Azərbaycanın gələcək uğurlarının bünövrəsidir: "Çünki on illərlə Azərbaycan xalqı ordusu olmadığından bir çox məhrumiyyətlərə dözməli olub, ərazilərinin böyük bir hissəsini itirib, şəhidlər verib. Bu gün isə Azərbaycanın nizami ordusu var və islahatlar prosesi hər gün davam edir. Prezidentin birbaşa nəzarəti altında orduda aparılan son islahatlar və yeniliklərlə bağlı bir məqamı da bildirmək istərdim.
Ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin inkişaf dövrünü bir neçə mərhələyə bölmək olar: Birinci Qarabağ müharibəsi dövrü, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordunun strukturlaşdırılması, təşkilatlandırılması dövrü və nəhayət İlham Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar.
Hesab edirəm ki, ordumuzun İlham Əliyev dövrü Silahlı Qüvvələrin modernləşməsi, müasir ordular sırasına çıxması baxımından çox mühüm dövrüdür. Bu dövürdə Azərbaycan Ordusunun maddi-texniki təminatı ilə yanaşı, silah-sursat imkanlarının davamlılığını təmin etmək üçün müdafiə sənayesi sektoru formalaşdırıldı və bu işi həyata keçirən nazirlik yaradıldı".
Bundan başqa ordunun hücum potensialı artırıldı. Bu məqsədlə dünyanın hərbi-sənaye cəhətdən inkişaf etmiş ölkələri ilə birgə layihələr həyata keçirilməyə başlanıldı, həmçinin ciddi məbləğdə satınalmalar reallaşdırıldı. Biz bunu 2016-cı ilin aprel ayında odrumuzun cəbhəboyu istiqamətdə düşmənə endirdiyi zərbələrdə görə bildik. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin potensialı imkan verir ki, hava, yerüstü və artilleriyadan istifadə etməklə sürətli hücum həyata keçirsin və dövlətimizin qanunlarını işğal altında olan bölgələrdə yenidən bərqərar etsin. Hesab edirəm ki, bu naliyyətlərlə, bizim qələbəmizlə Azərbaycan sülhə nail ola biləcək".