“ASAN Viza” böyük uğur gətirəcək Siyasət

“ASAN Viza” böyük uğur gətirəcək

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir".
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Milena Mard qeyd edib ki, Aİ belə görüşlərin keçirilməsini yüksək qiymətləndirir: "Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar".
Malena Mard Azərbaycan prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında imzaladığı fərmana da münasibət bildirib.
Milena Mard qeyd edib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir. Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri əlavə edib ki, bu fərman Aİ ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq: "Bildiyiniz kimi, bu yaxınlarda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Hesab edirəm ki, bu baxımdan "ASAN Viza" böyük uğur gətirəcək".