Azərbaycanlı deputatdan erməniyə güllə kimi cavab: “Artsax” dediyinizi... Siyasət

Azərbaycanlı deputatdan erməniyə güllə kimi cavab: “Artsax” dediyinizi...

Bugünkü mövzu haqqında daha əvvəl Moldovada çıxış etdiyim üçün əslində bu dəfə çıxışa yazılmağı düşünmürdüm. Lakin müəyyən məsələlər məni bu gün danışmaq məcburiyyətində qoydu. QDİƏT PA 26 ildir fəaliyyətdədir. Mən 14 ildir bu təşkilatın Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu təşkilatda hər zaman dostluq, anlayış hökm sürüb. Fikir və təkliflərə hörmətlə yanaşılıb. Əməkdaşlığımız bu təşkilatın daxili qaydaları, daxili nizamnaməsi çərçivəsində qurulub.

Bunu Azərbaycan Qara Dəniz İqtisadi Əmək Təşkilatı Parlament Məclisinin (QDİƏT PA) 54-cü Bas Assambleyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, professor Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, üzv ölkələrdən hər hansı birində mövcud olan qeyri-stabil vəziyyət, münaqişələr, sadəcə ölkələri, xalqları təsir altına almaqla bitmir, bölgədəki vəziyyəti, hətta dünya düzənini - səhmanını da təhdid edir: “Bizlər, parlament üzvləri olaraq bu kimi hallara son verilməsi üçün çözüm yolları axtarmaq, dünyamızın daha yüksək bir səviyyə çatması üçün buradayıq. Qurucu olmaq üçün buradayıq! Qırıcı olmaq üçün deyil!

Ölkələrimizin dünya toplumu, BMT tərəfindən qəbul edilmiş sərhədləri mövcuddur və bu sərhədlər bu gün də de-fakto dəyişmiş olsa da, de-yure dəyişməz olaraq qalır. Bu halda, qədim Qarabağ torpağının ermənistanlı deputat tərəfindən “Artsax” adlandırılması və guya “Artsax”da “demokratik seçkilər” keçirildiyini təşkilat qarşısında elan etməsi, məncə, həm burada oturan təşkilat üzvlərinə, həm də əzəli Azərbaycan torpağı olan Qarabağda 30 ildən çoxdur qaçqın və köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımıza hörmətsizlikdir. Ən əsası isə bu açıqlama BMT qətnamələrinə, insan hüquqlarına ziddir.

Unutmayaq ki, erməni həmkarımızın adlandırdığı “Artsax” bu gün dünyanın heç bir ölkəsi tərəfindən, hətta Ermənistan tərəfindən də tanınmamaqdadır.

Toplantımızın mövzusu olan “Qara Dəniz hövzəsi ölkələrində işsizlik və onun aradan qaldırılması”na gəlincə, çıxışımın əvvəlində də dediyim kimi, ötən iclasda bu mövzuda geniş çıxış etdiyimiz və Təşkilatın Katibliyinə ölkəmizin ətraflı hesabatını təqdim etdiyimiz üçün məlumatları təkrarlamağa lüzum görmürük”.

Deputat əlavə edib ki, Azərbaycanda hər bir ölkə vətəndaşını əhatə edən çox nəhəng sosial layihələr həyata keçirilir: “Ölkə rəhbərliyi vətəndaşının, sadəcə, bu günü deyil, sabahının da təmin edilməsi, ölkədə rifah halının yüksəlməsi üçün analoqu olmayan addımlar atılır. Və bu nailiyyətlər Azərbaycanı təkcə bölgənin deyil, həm də dünyanın üstün ölkələri sırasına çıxarır”.