Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclası keçirilib Siyasət

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclası keçirilib

Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclası keçirilib.
Komitə sədri Tahir Mirkişili Milli Məclisin üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Komitə sədri bildirib ki, bu gün dünyada baş verən hadisələr, xüsusi ilə koronavirus infeksiyasının yayılması iqtisadiyyatda yeni bir reallıq yaratmaqdadır. Hazırda iqtisadi fəallığın aşağı düşməsi, bir çox xidmət sahələrində, o cümlədən turizm, loqistika, təhsil, digər sahələrdə məhdudiyyətlərin tətbiq olunması dünya iqtisadiyyatında ləngimə ilə bağlı proqnozların verilməsinə səbəb olub. Dünya artıq yeni mərhələyə qədəm qoyur və bu mərhələdə əsas məsələ inamın bərpa olunması və stimullaşdırıcı tədbirlərin görülməsi ilə bağlıdır. Diqqətə çatdırılıb ki, Azərbaycanda son illər sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlar ümummilli məqsədlərə xidmət edir. Bu islahatlar qısa zaman ərzində nəticəsini verib. Əhalinin maddi rifah halını qorumaq üçün dövlətimizin kifayət qədər imkanları mövcuddur.
Qeyd edilib ki, komitənin qarşısında duran əsas məsələ fəaliyyətini Azərbaycan Prezidentinin Milli Məclisin martın 10-da keçirilmiş plenar iclasında söylədiyi tövsiyələr üzərində qurmaqdır. Tahir Mirkişili bildirib ki, qəbul olunmuş qanunların təftiş olunması, qanunların təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış etmək, qanunların icra mexanizmləri ilə yerlərdə tanış olmaq, toplanan bütün məlumatlarla bağlı vahid mövqedən çıxış etmək məqbul hesab edilir.
Sonra komitə sədri gündəliyə daxil edilən məsələlər barədə məlumat verib. Bildirib ki, gündəlikdə ilk məsələ V çağırış Milli Məclisin 2019-cu ilin payız sessiyası dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gördüyü işlər barədə hesabatı və VI çağırış Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün komitənin qanunvericilik işləri planıdır. Qeyd olunub ki, yaz sessiyasında 3 sənədin - “Lombardlar haqqında”, “Kabel televiziyası haqqında” və “Turizm haqqında” qanun layihələrinin müzakirəsi və qəbul edilməsi nəzərdə tutulub.
Deputatlar Vahid Əhmədov, Əli Məsimli, Vüqar Bayramov, Məşhur Məmmədov yaz sessiyasının iş planına bir sıra təkliflər veriblər. Komitə sədri təkliflərə münasibət bildirib.
Sonra gündəlikdəki qanun layihələrinə baxılıb. Əvvəlcə “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, Saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə Sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir. Eyni zamanda, Sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.
Sonra Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, sənədə görə, tərəflər Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi və telekommunikasiya sahəsinə sərmayələrin cəlb olunması məqsədilə razılığa gəliblər. Saziş 2019-cu il noyabrın 28-də Aşqabad şəhərində imzalanıb.
Sonra birinci oxunuşda təqdim olunmuş “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəyə baxılıb. Qeyd edilib ki, dəyişikliklər əsasən texniki xarakter daşıyır.
İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.