Avropada korrupsiyaya uğramış deputatların erməni lobbisi tərəfindən muzdla ələ alması üçün münbit şərait hökm sürür... Siyasət

Avropada korrupsiyaya uğramış deputatların erməni lobbisi tərəfindən muzdla ələ alması üçün münbit şərait hökm sürür...

Bu günlərdə amerikanın nüfuzlu "The USA Tribune" nəşrində Robert Horovitzin "Alman deputatları vasitəsi ilə effektiv olmayan erməni lobbiçiliyi" sərlövhəli məqaləsi çap olunub. Müəllif məqalədə ermənipərəst lobbiçilər tərəfindən həm federal, həm də yerli səviyyədə alman parlamentarilərinə çoxsaylı rüşvət verilməsi faktlarını üzə çıxarmışdır.
Müəllif məqalədə haqlı olaraq vurğulayır ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etmək məqsədilə həyata keçirdiyi müharibədən xeyli əvvəl də “dünyanın bu qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar Avropadan olan deputatları muzdla ələ alaraq öz mövcudluqlarına legitimlik donu geyindirməyə çalışırdılar, həmin muzdlu deputatlar seçkilər zamanı və ya digər hallarda separatçı qurumların kvazipaytaxtlarında görünürdülər”. Ermənistan işğal faktına legitimlik donu geyindirmək üçün avropalı muzdlu deputatların işğal altında olan ərazilərə səfərlərini geniş işəqlandırmağa çalışırdı və bu məqsədlə bu ölkənin PR-maşını tam şəkildə çalışırdı.
Müəllif qeyd edir ki, Almaniya 2020-ci ilin payızına qədər erməni lobbi təşkilatlarının müxtəlif yollarla korrupsiyaya uğramış deputatları ələ aldığı əsas ölkələrdən biri idi. Misal üçün, bu ölkənin sağçı radikal, islamofob, antisemit, irqçi, antidemokratik və antiavropa meylli “Almaniya üçün Alternativ” partiyası hələ 1990-cı illərdən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində formalaşdırdığı qondarma “Dağlıq Qarabağ Respublikası” adlı marionet rejimlə əlaqələr qurmuş, bu partiyanın Bundestaq və yerli parlamentlərin deputatları, hətta Avropa Parlamentinin üzvü olan nümayəndələri 2017-ci ildən Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmişdilər. Bundan əlavə, “Almaniya üçün Alternativ” partiyasının Bundestaqdakı üzvləri 2018-ci ildə qondarma “DQR” “parlamentinin” üzvlərini qəbul etmişdilər və onları Brandenburq əyalətində 2019-cu il sentyabrın 1-də keçirilən seçkiləri izləməyə dəvət etmişdilər. Baxmayaraq ki, Almaniyada yerli seçkilərə xarici müşahidəçiləri adətən dəvət etmirlər, erməni KİV-ləri xəbər verirdi ki, həmin seçkilərdə "Dağlıq Qarabağ respublikasından" müşahidəçilər qismində nümayəndələr iştirak ediblər. Maraqlıdır ki, müəllif “Almaniya üçün Alternativ” partiyasının 4-5 üzvünün 2-ci Qarabağ müharibəsi zamanı Xankəndinə səfər etmələri və cinayətkar Araik Arutyunyanla görüşməsi faktını da diqqət mərkəzində saxlayıb. Müəllif vurğulayır ki, ““Almaniya üçün Alternativ” hərəkatının işğal altında olan Dağlıq Qarabağ regionuna o vaxtkı səfərlərinin xərclərini oradakı qanunsuz rejimin "parlamenti" ödəyirdi. Qonaqlar bu faktı gizlətməyə çalışırdılar və məsələ ilə bağlı müxtəlif ziddiyətli bəyanatlar verirdilər”.
Məqalədə erməni lobbi qruplarının və Ermənistanın Berlindəki səfirliyinin Almaniya Bundestaqının radikal solçu, Xristian-demokrat ittifaqı, Azad demokratlar partiyasının fraksiyaları və Bavariya Xristian-sosial ittifaqı fraksiyalarından olan üzvləri ilə də uğurlu əməkdaşlıq qurduqları bildirilir. Eyni zamanda Ermənistanın digər lobbiçiləri arasında"Haypress.de" xəbər saytı, Erməstanın fəxri konsulları qismində altı nəfər biznesmen Saşa Duerkop, Otto Luçterhandt, Tessa Hoffman və başqaları da sadalanır. Qeyd edilir ki. bu biznesmen fəxri konsullar başqa erməni lobbiçilərini də maliyyələşdirir.
Robert Horovitzin"The USA Tribune" nəşrində çap olunmuş məqaləsində diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, müəllif müxtəlif siyasi fraksiyaların üzvü olan və birbaşa muzdlu formada Ermənistanın işğalçılıq siyasətinə xidmət edən Bundestaq və federal torpaqların yerli parlamentlərinin üzvlərinin adlarını sadalayır, onların işğal altında olan ərazilərə qeyri qanuni səfərləri barədə dəqiq məlumat verir. Məqalədə erməni maraqlarına muzdla xidmət edən Avropa Parlamentinin 2 üzvünün də adı keçir.
Məqalənin sonunda müəllif 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və erməni lobbiçilik fəaliyyətinin nəticə vermədiyini vurğulayır. O yazır, ki, “Azərbaycanın işğal altındakı ərazilərində erməni işğalçı siyasətinin sona çatması ilə bu qanunvericilər yararsız hala düşdülər, çünki onların məqsədləri yalnız Avropa paytaxtlarında Ermənistanın millətçi baxışlarını müdafiə etmək idi”. Müəllif vurğulayır ki, “maliyyə mənbəyinin bitdiyi yerdə başqa bir başlanğıc yaranır”. Belə ki, bölgədə digər separatçı və işğalçı rejimlər qalmaqdadır. Görünür, “işsiz qalmış”, korrupsioner Avropa deputatları bu mənbələrdə özlərinə iş axtarmalı olacaqlar. Ən acınacaqlısı isə odur ki, bu deputatlar və siyasilər öz ölkələrində vəzifə tutaraq digər ölkələrin maraqlarına xidmət edirlər. Ehtimal etmək olar ki, məhz bu səbəbdən biz bu gün Avropada sağçı radikal, islamafob, irqçi hərəkatların, korrupsiyanın, neo-nasizmin genişlənməsinin şahidi oluruq. Bu meyllər bir sıra Avropa ölkələrində xeyli deputatların və siyasilərin faktiki olaraq öz dövlətlərinə xəyanət edərək digər dövlətlərin maraqlarına xidmət etmələri və bu səbəbdən təmtəraqlı, varlı həyat tərzi sürmək imkanı əldə etdikləri fonda baş verir.
Təəccüb doğuran bir məqamı da vurğulamaq istərdim. Yuxarıda sadalanan korrupsiya cinayətləri Avropanın lokomotiv ölkələrindən biri hesab edilən Almaniyada baş verir. Lakin uzun müddətdir bu cinayət əməllərinin qarşısını almaq istiqamətində heç bir addım atılmır. Yaxın keçmişdə biz Almaniya Bundestaqının 2-3 üzvü ilə bağlı təhqiqatlara başlanıldığı barədə mətbuatdan məlumatlar alırdıq. Həmin deputatlar AŞPA-da və Bundestaqda Azərbaycanla bağlı müzakirələr zamanı obyektiv mövqe nümayiş etdirmişdilər və bu səbəbdən onların fəaliyyəti ilə bağlı “korrupsiya şübhələrinin” olduğu bildirilmişdi, hətta ofislərində belə axtarışlar aparılmışdı, özləri isə istefaya məcbur edilmişdilər... Lakin muzdlu formada uzun illər erməni maraqlarına xidmət edən deputatlarla bağlı heç bir tədbir görülmür. Budurmu Avropa demokratiyası?.. Bəs demokratik Avropa niyə susur?
Yeri gəlmişkən, xatırlatmaq istərdim, ki, mən özüm hələ Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü və Avronest PA-da nümayəndə heyətinin rəhbəri olarkən erməni təxribatları və riyakarlığının, Avropanın çirkli “demokratiya” oyununun şahidi olmuşam.
AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi” adlı qətnamə layihələri irəli sürdükdən sonra erməni deputatları, müxtəlif erməni lobbiçilərin və anti-Azərbaycan qrupların güclü müqaviməti və təhdidləri ilə qarşılaşdım. “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçiləri Ermənistanın ali rəhbərliyi səviyyəsində təşkil olunmuş, Avropanın ermənipərəst qüvvələri tərəfindən həyata keçirilən təzyiqlərə məruz qaldılar.
Ermənipərəst lobbi mərkəzləri bu qətnamənin qəbul edilməsindən qəzəblənərək mənə, AŞPA-da bu qətnaməni dəstəkləyən bir sıra deputatlara qarşı qarayaxma kampaniyası apardılar, hətta AŞPA prezidentinin istefaya getməsinə nail oldular. Mənim və problemə obyektiv mövqe nümayiş etdirən AŞPA üzvlərinin günahı yalnız ondan ibarət idi ki, biz Ermənistanın işğalına son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq, təhlükəsiz, sərbəst və azad yaşamaq hüquqlarının təmin edilməsini AŞPA-nın gündəminə gətirmişdik...
Bu gün aydın görünür ki, qoca Avropanın aparıcı dövləti olan Almaniyanın bir sıra yüksək dairələri çirkli “demokratiya” oyununun davam etdirilməsində maraqlıdır. Belə oyunun fonunda isə erməni lobbisinin korrupsiyaya uğramış deputatları muzdla ələ alması və faktiki olaraq erməni faşizminə xidmət etməsi üçün münbit şərait hökm sürür.

Elxan Süleymanov,
AVCİYA prezidenti