
Fuad Hüseynzadə:“Buna görə də qondarma rejimin xaricdə təbliğatını gücləndirməyə çalışırlar”
“Azərbaycan dövləti üçün Dağlıq Qarabağ məsələsi prioritetdir. Ayrıca bu problem hər bir azərbaycanlının ağrısıdır. Buna görə də hər birimiz qarabağlıyıq deyibən işğal faktorunun aradan qaldırılması, erməni yalanlarının ifşa olunması üçün əlimizdən gələni etməliyik. Çünki artıq ermənilər məqsədli şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu “Arsax” adı ilə siyasi, hüquqi və elmi sahələrdə tanıtmağa çalışırlar. Bu adda qida məhsulları, suvenirlər, poçt markaları, geyimlər və s. istehsal edib xarici bazarlara çıxarmağa cəhdlər edirlər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. O bildirib ki, eyni zamanda, Qarabağdan turizm bölgəsi olaraq öz məqsədləri üçün istifadə edirlər: “Məsələn, bu gün “globespots.com” saytında “Arsax” Top 10-luqda 6-cıdır. Nə qədər qeyri-qanuni sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir və xarici ölkələrdən qonaqlar dəvət edirlər. Hər keçirilən tədbir və ya görüş də xarici mediada işıqlandırılır. Qondarma rejimin “hesabatları” yayılır. Həmçinin, ermənilər öz separatçı təbliğatlarını sosial şəbəkələrdə, xüsusən də “Twitter”də daha çox yayırlar.
Diqqət çəkən məqam odur ki, ermənilər ötən ildən bu istiqamətdə daha aktiv və kütləvi şəkildə fəaliyyət göstərir. Bunun da səbəbi odur ki, ifrat irqçi, ABŞ-ın Kaliforniyan ştatının Qlendeyl şəhərinin keçmiş meri Zareh Sinanyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Ermənistanın diaspor işləri üzrə müvəkkili təyin edilib. Bu vəzifə 2019-cu ilin iyun ayında Ermənistanın diaspor üzrə nazirliyin ləğvindən sonra yaradılıb. 1988-ci ildən Kaliforniyada yaşayan Zareh Sinanyan özünün “YouTube” səhifəsində bir sıra etnik qrupları və xalqları təhqir edən, islamofob və cinsi qruplara qarşı mənfi şərhlər yerləşdirən birisidir. Zareh Sinanyan dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib və qondarma “DQR”-dan olan nümayəndələri Kaliforniyada qəbul edib. O, hətta Qlendeyl şəhərində küçələrdən birinə “Arsax” adının verilməsini belə, bacarıb. Onu da qeyd edək ki, Zareh Sinanyan Gürcüstanın Cavaxetiya bölgəsində ermənilərin separatizm meyllərini dəstəkləməyi ilə də tanınır”.
Onun sözlərinə görə, Paşinyandan belə bir təxribatçını, şovinisti vəzifəyə gətirməsi gözlənilən idi: “O, öz xislətinə uyğun olaraq bu vəzifəyə adam seçib. Paşinyanın Zareh Sinanyanı belə vəzifəyə gətirməkdə məqsədi Ermənistanın diaspor siyasətini gücləndirməkdir. Məsələ ondadır ki, Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır. Buna görə də onlar başqa taktika seçərək qondarma rejimin xaricdə təbliğatını gücləndirməyə çalışırlar. Bu işə erməni lobbisi planlı şəkildə hazırlaşıb. Zareh Sinanyan da bu fəaliyyətin önündə duraraq daha aktiv şəkildə iş aparır. Əlbəttə ki, bütün bunların da qarşısı alınmalıdır. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Diaspor olaraq yeni strateji plan qurulmalı və erməni lobbisi ifşa etməlidir. Ən əsas da milli diaspor ermənilərin işğalçılıq siyasətini önə çəkməli, onların Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıdır. Xüsusən, qondarma qurumun rəhbərlərinin separatist, cinayətkar fəaliyyətlərini dünyaya bəyan etmək lazımdır.
Ümumiyyətlə, güc birliyi nümayiş etdirib Ermənistanın işğalçılıq siyasətini ifşa etməliyik. Bu baxımdan informasiya müharibəsində böyük əks-səda verə bilən trendlər yaratmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər resurslar var. Biz Qarabağ məsələsi ilə bağlı təbliğat işini informasiya müharibəsi üzərindən aktiv aparmalıyıq. Bu müharibənin nə əvvəli var, nə sonu və ümumiyyətlə, sülhü də yoxdur...”.
F. Hüseynzadə əlavə edib ki, işğalçılara qarşı informasiya savaşını gücləndirmək lazımdır: “Ermənilər tarixən ən böyük düşmənləri kimi türkləri görüblər. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımları buna əyani sübutdur. Bu azmış kimi, hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib haqlı çıxarmaq istəyirlər. Hətta bir çox dövlətləri türklərin onları soyqırımına məruz qoyduqlarına inandırıblar. Bu baxımdan, bütün türk dünyasının ayağa qalxıb erməni yalanlarının dünyaya çatdırmasının vaxtı, əslində, çoxdan keçib Ermənilər öz hüquq və mənafelərini gücləndirmək məqsədilə milli təşkilatlanma prosesini də həyata keçiriblər. Bu təşkilatlanmada ictimai dərnək və cəmiyyətlərin təcrübəsi əsasında erməni milli təşkilatları və partiyaları yaradılıb. Bu təşkilatların əsas məqsədləri “Dənizdən-dənizə böyük Ermənistan” sərsəm xülyasından ibarət olub. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmir, bütün fəaliyyətlərini ancaq bu partiyaların proqramına uyğun, yəni türk millətini məhv etməklə “böyük Ermənistan” yaratmaq ideyası üzərində qurmuşdular. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qırğınlar və soyqırımları 70 il unudulub. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra, artıq bu yalanların üstünü örtən pərdələr götürüldü. Azərbaycanlılar yenə də düşmənlərinin kim olduğunu bildilər. Elə bu zamanlar ermənilər növbəti torpaq iddiaları irəli sürərək hegemon dövlətlərin köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonumuzu işğal etdilər. Bu nizamsız müharibə şəraitində 20 mindən çox şəhid versək də, yenə də düşmənçilik siyasətimizi onlar kimi həyata keçirə bilmirik. Hansı ki, bu, iki əsrdə olanlardan doğan milli ehtiyacdır. Ona görə də bu istiqamətdə iş aparan dövlət və qeyr-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməli və sayı artırılmalıdır. Düzdür, müxtəlif dövlət orqanlarında terrorizmə qarşı mübarizə şöbələri var. Onlar bu şöbə daxilində ermənilərə qarşı adekvat cavablar verirlər”.
O, həmçinin əlavə edib ki, xarici mediada, xüsusən, erməni KİV-lərində Azərbaycanla bağlı qərəzli yazılar verilən zaman həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır: “Daha da irəli gedərək, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır.
Ölkəmizdə informasiya savaşında iştirak etmək, Ermənistanın Azərbaycana təcavüzünü ifşa etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dil bilməli və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidirlər. Çünki bu gün dünya mediasında Azərbaycanla bağlı verilən yazılarda pozitiv şərh boşluğu var. Ermənilərin əsassız şərhlərinə onların öz dillərində cavab verəcək çox az jurnalistimiz var. Ona görə də bu istiqamətdə aktiv olan jurnalistlərimizin sayı artmalıdır.
Erməni və ermənipərəst jurnalistlər “Facebook”, “Twitter”də, eləcə də CNN, BBC və s. tanınmış media orqanlarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edirlər. Nəzərə almaq lazımdır ki, bu gün “Twitter” sosial şəbəkəlikdən çıxaraq, siyasi platformaya çevrilib. “Twitter”də informasiya müharibəsinin ən gərgin anı- həştəq mübarizəsi yaşanır. Burada yazılan bir “twit”lə anındaca dünyanın ictimai-siyasi gündəmini dəyişmək olur. Azərbaycan jurnalistləri kütləvi şəkildə “Twitter”də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək gücünü artırmalıdırlar”.
Onun fikirncə, bu gün Azərbaycan diasporu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla erməni lobbisinin Anti-Azərbaycan fəaliyyətinə qarşı çıxış edir: “Lakin Azərbaycan diasporu bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Çünki ermənilər hələ də xarici KİV-də əleyhimizə yazılarla çıxış edir və ya pul ilə ələ alınmış əcnəbi jurnalistlərdən istifadə edirlər. Bundan başqa, müxtəlif ölkələrin internet saytlarında Dağlıq Qarabağ müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir.
Bu məsələdə Azərbaycan diasporunun da üzərinə böyük məsuliyyət düşür. Bu haqda Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva qəzetimizə bildirdi ki, diaspor olaraq əllərində olan bütün resurslardan kifayət qədər istifadə etməyə çalışırlar: “Xüsusən informasiya savaşına hər zaman hazır olmalıyıq. Biz İKT-dən istifadə etməklə informasiya müharibəsi müstəvisində böyük uğurlar əldə edə bilərik. Xaricdəki televiziya və radio, eləcə də portallar vasitəsi ilə Azərbaycanın Dağlıq Qarabağ məsələsini, ermənilərin torpaqlarımıza təcavüz etməsini dünyay çatdırmalıyıq. Ermənilərin “Artsax” və digər yalanlarını ifşa etməliyk”.
Əli