Qərb Rusiyaya uduzur Dünya

Qərb Rusiyaya uduzur

Türkiyəni gözləyən dəyişiklik

Qərbin məqsədi Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün nəinki Türkiyədən bir vasitəçi kimi yararlanmaq, Yaxın Şərq siyasətində daha aktiv və indilikdə qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən avantajlar əldə etməkdir.
Bunu Fransa Konstitusiya Məhkəməsi tərəfindən "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunun ləğvini şərh edən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, sözügedən qərar Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir:
"Fikir verin, bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən ABŞ prezidentinin məlum açıqlamaları, ancaq faktiki olaraq Rusiya ilə qoca qitənin kəskin münasibətərinin davam etdiyi bir zamanda, digər tərəfdən Türkiyənin Rusiya ilə bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdləri təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində qoyur. Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Çünki Türkiyə Avropa üçün yeganə alternativsiz ünvandır".
Analitikin sözlərinə görə, indiki dönəmdə Avropa Türkiyənin gözləntiləri ilə bağlı tam olmasa da, müəyyən yumuşalma və güzəştlərə gedə bilər:
"Odur ki, Türkiyənin Avropaya münasibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı indi çox maraqlıdır".
Qeyd edək ki, Fransa Konstitusiya Məhkəməsi bir sıra cinayətlərin inkar edilməsinin kriminallaşdırılması haqqında özəlliklə ermənilərin xeyrinə qəbul edilmiş qanunu ləğv edib.